Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri açıqlamasında bildirib ki, ziyarətlə bağlı sənəd qəbulu martın 17-dən başlayır: “Sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək. Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq”.