“Bu il Qarabağ münaqişəsinin həlli üçün “itirilmiş imkanlar ili” oldu” –Elmar Məmmədyarov

2019-cu ili Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün “itirilmiş imkanlar ili” kimi qiymətləndirmək olar, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov yerli KİV-lərə müsahibəsində bildirib.

“Ölkə başçılarının bir və XİN başçılarının dörd görüşü keçirilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Ermənistan rəhbərliyi sülh yolu ilə nizamlanmada maraqlı olduğunu bildirsə də, “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurub”, -deyə Məmmədyarov bildirib.

Bununla yanaşı, görüşlərdə humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürülüb, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırılıb. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoyub.

“Təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz”, deyə nazir qeyd edib.

Məmmədyarov qeyd edib ki, münaqişənin həlli üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. “Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir”, deyə o sözünə davam edib.

“Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir.

Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir”, deyə nazir bildirib. (Turan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Sonrakı məqalə

“Biz kiminsə xoşuna gəlmək üçün saziş imzalaya bilmərik” –