Budapeştin mərkəzini qazıb neft axtaracaqlar –Tender elan edilib

Macarıstan hökuməti xeyli hissəsi Budapeştin sıx məskunlaşmış rayonlarında yerləşən yataqlarda neft və qaz kəşfiyyatı və hasilatı üçün tender elan edib.

Azərtac G7 portalına istinadla xəbər verir ki, tender sənədlərində doqquz digər konsessiya ərazisi ilə yanaşı, Tekeli və Döji Dyord küçələrinin tini, Nepştadion, Qrupama arenası, Kerepeşi qəbiristanlığı, Nepliqet, bütün Cənubi Peşt, Çepel və Budafok-Teten rayonlarının da adları çəkilir. Portalın verdiyi məlumata görə, tenderdə qalib gələn şirkət karbohidrogen ehtiyatlarının kəşfiyyatına və hasilatına 2020-ci ildə başlaya biləcək. Gözlənildiyinə görə, tenderin qalibi olacaq şirkət (“MOL Nyrt” və ya xarici kapitallı digər iri neft şirkəti) adları çəkilən ərazilərdə 20 il ərzində xam neft və təbii qaz hasil edə biləcək. Bu barədə kontraktın 2020-ci ilin əvvəlində imzalanması nəzərdə tutulur.

Bu əhvalatın problemli cəhəti ondan ibarətdir ki, adı çəkilən fəaliyyət hay-küylü, təhlükəli və ekologiya üçün zərərlidir. Macarıstan geologiya xidməti planlaşdırılan layihənin ətraflı təhlil edildiyi kompleks hesabat hazırlayıb. Lakin bir məsələ diqqəti cəlb edir ki, müvafiq işlərin həyat keçirilməsi üçün əsas mane həmin ərazilərdə yaşayan insanlar olacaq. Hesabatda geoloji kəşfiyyat işlərinin aparılacağı rayonun bioloji şəraiti, gözlənilən qazma texnologiyaları, habelə fövqəladə vəziyyətlərin, ekologiya ilə bağlı problemlərin və səs-küy səviyyəsinin qarşısının alınması məsələləri müfəssəl qiymətləndirilir. Bundan əlavə, hesabatda landşaftın mümkün dəyişmələri, mədəni irs obyektlərinə dəyə biləcək zərər nəzərdən keçirilir. Lakin sənəddə planlaşdırılan işlərin insanların həyatının keyfiyyətinə və daşınmaz əmlakın qiymətlərinin səviyyəsinə təsiri, eləcə də hasilat şirkətinin üzləşə biləcəyi ictimai müqavimət barədə bircə kəlmə də deyilmir.

Faydalı qazıntıların hasilatı barədə qanuna 2010-cu ildə edilmiş dəyişiklik faydalı qazıntı hasilatı üzrə fəaliyyət üçün lisenziya alınması prosesini xeyli sadələşdirib, bu proses çox cəhətdən daha çevik olub, lakin indiki halda neft və qaz hasilatını Budapeştin və Aqlomerasiyanın torpaqlarında həyata keçirmək nəzərdə tutulur, halbuki prinsip etibarilə şəhər ərazisində bu cür fəaliyyət həyata keçirilə bilməz. Müxtəlif rayonların və yaşayış məntəqələrinin bu layihəyə münasibəti birmənalı olmayıb. Məsələn, Ferensvaroş və Zuqlo rayonları faydalı qazıntı hasilatı barədə söhbət belə ola bilməyəcəyini bəyan etdikləri halda digər bələdiyyələr bu layihəyə başqa cür yanaşa bilər. O cümlədən, Etyek bələdiyyəsinin hakimiyyət orqanları yalnız bunu xahiş ediblər ki, layihənin həyata keçirilməsi çərçivəsində zirzəmilərin uçması riski ilə əlaqədar müvafiq avadanlığın işinə “xüsusi diqqət” yetirilsin.

Hesabatda deyilir ki, ərazidə şəhər tipli tikililərin olması karbohidrogenlərin təhlükəsiz hasilatına maneə törətmir, çünki təhlükəli, o cümlədən ekoloji xarakterli amillərin əksəriyyəti quyuların qazıldığı ərazidə cəmləşir. Bu halda əgər tapılmış yataqların üzərində qazma aparmaq mümkün deyilsə, maili quyular qazmaq olar. Nəzəri cəhətdən, bu halda həmin yataqlara hətta bir neçə kilometr aralıda qazılmış quyudan yol açmaq mümkündür.

Hesabatda göstərilir ki, sözügedən ərazidə təqribən 300 min ton (2 milyon barrel) xam neft və 500 milyon kubmetr təbii qaz ehtiyatı vardır. Lakin bu ehtiyatların iqtisadi cəhətdən əhəmiyyətli (yəni hasilatın rentabelli) olub-olmayacağı hələ aydın deyil. Əksər şirkətlərin əvvəl elan edilmiş konsessiyalar üzrə fəaliyyətinin nəticəsi uğursuz hesab edilə bilər. Bu sahədə çox vaxt gözlənilənlərin əksi baş verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi –

Sonrakı məqalə

İngilis parlamenti Baş Nazirin təklifinə “yox” dedi –