“Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq” –

ƏRDOĞAN BƏYAN ETDİ
01 Noyabr 2020 - 17:24

“Türkiyə olaraq haqqın və ədalətin yanındayıq. Həyata keçirdiyimiz mücadiləni uğurla davam etdirməyimiz sayəsində Türkiyə dünya siyasətində və iqtisadiyyatında güclülər arasında yer alacaq”.

Bu sözləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Samsun təşkilatının konfransında söyləyib.

İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, doğmalarına başsağlığı, yaralananlara şəfa diləyən dövlət başçısı bildirib ki, yeraltı təkanın fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün ciddi addımlar atılacaq.

Türkiyənin bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacağını, Qarabağ məsələsində açıq və qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətinin istiqamətlərindən, hədəflərindən danışıb. Dövlət başçısı bildirib ki, xalqın etimadını bundan sonra da doğruldaraq ölkəyə xidmətlərini birlikdə davam etdirəcəklər. Terror, digər təhdid və təxribatlar Türkiyəni yolundan döndərə bilməyəcək.

Ədalət və İnkişaf Partiyasının keçdiyi uzun və şərəfli yoldan bəhs edən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, AKP-nin Samsun təşkilatı bundan sonra da səmərəli fəaliyyəti ilə öndə olacaq.