Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AzPost “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə – 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib.
Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı digər insanlar da yaşayır. Onlar bu bölgədə aparılan layihələrin icrasında çalışan insanlardır.
Həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Xatırladaq ki, yanvarın 16-da Cəbrayıl şəhərinə 32 ailə – 153 nəfər köçürülmüşdü.