Cənubi Koreya hakimiyyəti it ətinin yeyilməsinə tam qadağa qoyulmasını dəstəkləyib.
Azpost.info bildirir ki, bu barədə Bloomberg xəbər verir.
Deputatlar müvafiq qanun layihəsini təsdiqləyiblər. Məsələ dekabrın 9-da milli parlamentin son iclasında müzakirə olunacaq. Parlamentin siyasi komitəsinin rəhbəri Pak De-Çol bildirib ki, 10 milyondan çox ailə ev heyvanı saxlayır, buna görə də itlərə yemək kimi baxmağı qadağan etmək üçün hərəkətə keçməyin vaxtı çatıb.
Əvvəllər bu cəhdlər it yetişdirənlərin və it əti təqdim edən restoranların sahiblərinin narazılığı səbəbindən uğursuzluğa düçar olmuşdu.
Koreya yarımadasında ət üçün itlər ənənəvi olaraq böyüdülür. Cənubi Koreyanın bəzi ərazilərində bu məhsulun müntəzəm istehlakı bu günə qədər davam edir.
21-ci əsrin əvvəllərində Cənubi Koreyada hər il təxminən 2 milyon it kəsilirdi. Amma son illər it əti istehlakının həcmi kəskin şəkildə azalıb. Bu da koreyalıların həyat tərzi və mədəniyyətindəki dəyişikliklər, eləcə də dünya ictimaiyyətinin onlara ünvanlanan tənqidləri ilə bağlıdır.
Azpost.info