Çar 2-ci Nikolayın əmri ilə Biləsuvarda çəkilən su kanalı –

Bu gün də istifadə edilir (FOTO)
07 Oktyabr 2019 - 11:40

Biləsuvarda bir kanal var – Cənub-Muğan su kanalı. Bu kanalın vaxtilə Çar II Nikolayın əmrilə çəkilməsindən çoxları xəbərsizdir. 

Azpost.info oxu.az-a istinadən bildirir ki, XX əsrin əvvəllərində – çar II Nikolayın dövründə köçürülmə siyasəti davam etdirilib. İmperiyanın bu siyasəti ölkəmizin cənub bölgəsindən, eləcə də Biləsuvar rayonundan da yan keçməyib. İlan mələyən Muğan düzünə slavyan əhalisinin köçürülməsinə başlanılıb. Burada su mənbəyi kimi Bolqarçay çayının olmasına baxmayaraq, su qıtlığı yaşanıb.

Su kanalının çəkilişi zamanı kişilərlə yanaşı, qadınların da əl əməyindən istifadə olunub. Qadınlar torpaqla dolu vedrələri yuxarıda dayanmış kişilərə verir, onlar da öz nöbəsində torpağı kanaldan 4 metr uzağa tökürlərmiş. Bu minvalla 1912-ci ildə dərinliyi 5-6 metr olmaqla kanalın 54 kilometr hissəsi qazılaraq istifadəyə verilib. Maraqlısı odur ki, çar dövründə çəkilən su kanalının tikintisi qızıllar hesabına başa gəlib.

Sonrakı illərdə kanalın qazıntı işləri davam etdirilərək, Astraxanbazar – indiki Cəlilabad rayonunun ərazisinə kimi çatdırılıb. Ümumi uzunluğu 101 kilometr olan kanal əvvəllər Əzizbəyov, sonradan isə Cənub-Muğan kanalı adlandırılıb.

Bir əsrdən çox tariximizin canlı şahidi olan Cənub-Muğan su kanalı hazırda rayonda 45 min hektara yaxın müxtəlif növ əkin sahəsinin suvarılması ilə yanaşı, əhalinin texniki-məişət suyuna olan tələbatının ödənilməsində də mühüm rol oynayır.