Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı- Laçın yolundakı vəziyyət müzakirə edildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında Laçın yolundakı vəziyyəti müzakirə edib.

Azpost.info xəbər verir ki, nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulması, Laçın yolundan hərbi təxribatlar üçün istifadə edilməsi, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması faktlarına diqqət çəkib.

XİN başçısı vurğulayıb ki, Laçın yolunda son vaxtlar güclənən qanunsuz fəaliyyətə qarşı mitinq keçirən Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin tələbləri hələ də yerinə yetirilməyib.

C.Bayramov guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması və “humanitar fəlakət”in yaranması nəticəsində ermənilərin blokadaya alınması ilə bağlı iddiaları “tamamilə əsassız” adlandırıb. O bildirib ki, hər gün Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin daha çox texnikası yoldan humanitar məqsədlər üçün istifadə edir.

Nazir Azərbaycan tərəfinin dialoqa sadiqliyi və regionda sülhün bərqərar olması üçün səylərini artırmağa daim hazır olduğunu vurğulayıb.

Ceyhun Bayramov və Karen Donfrid ikitərəfli əməkdaşlığın aktual məsələlərini də müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işdən çıxarılıb

Sonrakı məqalə

Sərmayə qoy, 10 illik viza “qazan”!