Çin lideri “uyğur soyqırımı” ittihamlarından sonra ilk dəfə Sincana gedib - FOTOLAR

Çin lideri Si Cinpin uyğurların soyqırımı ittihamlarından sonra ilk dəfə Sincana səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Çinin rəsmi “Sinxua” agentliyi məlumat yayıb.

Si Cinpin Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi şəhərində olub. Bu, 2014-cü ildən – BMT-nin İnsan Haqları Şurasının Çin hökumətinin Çinin şimal-qərbində uyğurlara və qazaxlara qarşı soyqırım siyasəti yürütməyə başladığını elan etdiyi vaxtdan bəri regiona ilk səfərdir.

“Si Cinpin Çin xalqının icma hissinin gücləndirilməsi kimi sahələrdə görülən işlərlə tanış olub. O, qarşıya qoyulan vəzifələrin mühüm hissəsinin icmaların dəstəyi ilə həyata keçirilməli olduğunu qeyd edərək, insanların ehtiyaclarını daha yaxşı başa düşmək və ödəmək üçün dövlət orqanlarının daha çox səy göstərməli olduğunu deyib. Çin lideri həmçinin icma səviyyəsində partiya təşkilatlarını gücləndirməyə və orada yaşayan bütün etnik qrupların rifahı üçün xidmətlərin keyfiyyətini artırmağa çağırıb”, – məlumatda deyilir.

İnsan hüquqlarının pozulması, məcburi assimilyasiya və Sincan əhalisinin yenidən təhsil düşərgələrinə göndərilməsi problemi Çinin Qərb ölkələri ilə münasibətlərinin kəskinləşməsinə səbəb olan ən kəskin amillərdən biridir. May ayında ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Çin BMT-nin İnsan Haqları üzrə komissarının bölgədəki vəziyyəti qiymətləndirmək cəhdlərinin qarşısını alır və uyğurların soyqırımını davam etdirir. Blinkenin sözlərinə görə, Sincanda 1 milyondan çox insan qanunsuz həbsdədir.

Mayın 24-də haker hücumu nəticəsində şimal-qərb bölgəsi polisinin arxivi ictimaiyyətə əlçatan olub. Sənəddə Sincandakı düşərgələrdə məhbuslarla amansız rəftarı göstərən onminlərlə fotoşəkil və video var. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Venq Venbin nəşr olunan arxivi Çini gözdən salmaq cəhdi adlandırıb.

Daha bir maraqlı məqam odur ki, “Sinxua” agentliyi adətən Çin liderinin səyahət məlumatlarını gündəlik dərc edir. Sincan səfəri ilə bağlı xəbər isə Cinpinin bölgəyə səfərindən (12 iyul) üç gün sonra yayılıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Yeni klinika”da baş direktor vəzifəsini Cavid Paşayev icra edəcək –

Sonrakı məqalə

İlham Əliyev 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı Ərdoğana məktub göndərib