Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin dərc olunması ilə bağlı xalqa müraciətlə çıxış edir.

Azpost. info -nun məlumatına görə, Paşinyan bildirib ki, yeni Konstitusiyanın qəbulu vasitəsilə Ermənistan vətəndaşı ilə ölkədə müəyyən edilmiş hüquq qaydası arasında üzvi əlaqə yaradılmalıdır.

“Yeni Konstitusiyanın qəbulu yolu ilə Ermənistan Respublikası vətəndaşı ilə ölkədə müəyyən edilmiş hüquq qaydası arasında üzvi əlaqə yaratmalıyıq. Ölkəmizdə mövcud olan hüquq qaydası bu gün də qüvvədəki Konstitusiyadan qaynaqlanır. Lakin bu sənəd vətəndaşla dövlətin hüquq sistemi arasında üzvi əlaqə yaratmayıb.

Bunun sadə bir səbəbi var: əvvəlki Konstitusiyaların heç biri vətəndaşların azad iradə ifadəsi ilə qəbul edilməyib. İctimaiyyətin geniş yayılmış qənaətinə görə, bütün bu referendumların nəticələri saxtalaşdırılıb”, – Paşinyan bildirib.

Ermənistanın baş naziri yeni Konstitusiyanın qəbulunu ölkə vətəndaşları ilə dövlətin hüquqi sistemi arasında etimad və bağlılığın formalaşdırılması baxımından vacib hesab edir.

S. Abdulla