Çin və Ukraynanı təkcə strateji tərəfdaşlıq deyil, həm də dostluq bağlayır.
Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ABŞ-da BMT Baş Assambleyası çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə danışıqlar zamanı bildirib.
Onun sözlərinə görə, hər iki ölkə Ukraynadakı münaqişənin yaratdığı mənfi nəticələri sistemli şəkildə aradan qaldırır və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətindədir.
“İlin birinci yarısında ticarət həcmi illik müqayisədə 17 faiz artıb. Çin ikitərəfli münasibətlərin inkişafında sabit dinamikanı saxlamaq üçün Ukrayna ilə işləməyə hazırdır”, – Van İ deyib.
O əlavə edib ki, Çin Ukrayna böhranı ilə bağlı ardıcıl mövqe tutur və həmişə münaqişənin sülh yolu ilə həllində təkid edib.
XİN başçısının sözlərinə görə, Pekin hər zaman ziddiyyətlərin dialoq yolu ilə həlli siyasətinə sadiqdir, eyni zamanda heç vaxt geosiyasi oyunlarda iştirak etmir və müxtəlif növ qarşıdurmalarda özünə mənfəət güdmür.
Azpost.info