Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. İkinci şəxs Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar. Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının isə sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir. Xəstəxanaya yerləşdirilən Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur. Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər. Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.