Rusiya iqtisadiyyatı Kremlin hazırkı militarist siyasəti və xarici təzyiqlər şəraitində daha 10–15 il davam gətirə bilər.
Azpost.info-nun məlumatna görə, bunu “Rosnano” korporasiyasının keçmiş rəhbəri, Rusiyanın beynəlxalq təşkilatlarla əlaqələr üzrə sabiq prezident xüsusi nümayəndəsi Anatoli Çubays bildirib.
“İqtisadiyyatı kifayət qədər möhkəm qurmuşuq. Buna görə də hesab edirəm ki, bu resurs ən azı 10–15 il kifayət edəcək. Bu, iki şeyi ifadə edir. Birincisi, ölkədə iqtisadi fəlakət olmayacaq. İkincisi, ölkədə iqtisadi artım da olmayacaq. Staqnasiya olacaq”, – Çubays Ukraynada müharibə başlayandan sonra ilk açıq mühazirəsi zamanı bildirib.
2022-ci ildə Rusiyanı tərk edən Putinin keçmiş xüsusi nümayəndəsi qeyd edib ki, Rusiya hakimiyyəti ölkədə “maliyyə sabitliyini” təmin edib. Onun sözlərinə görə, bu sabitlik prezidentin siyasi dəstəyi ilə “tamamilə peşəkar komanda tərəfindən yüksək səviyyədə qorunur”.
“Belə alınıb ki, o, bunun nə olduğunu dərindən başa düşür. Belə alınıb ki, bu vəziyyəti qoruyub saxlayır”, – Çubays Vladimir Putini “Vladimir Vladimiroviç” adlandıraraq bildirib.
“Rosnano”nun keçmiş rəhbəri ayrıca olaraq Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanı da qeyd edib. Onun fikrincə, Nabiullina “sadəcə möcüzələr yaradır” və gələcəkdə inflyasiyanı 4 faiz səviyyəsinə endirəcək. Çubays təqdimatında Rusiyanın bazar iqtisadiyyatını üç sütun üzərində dayanan konstruksiya şəklində təsvir edən slayd nümayiş etdirib. Bu sütunlar makroiqtisadi sabitlik, sərbəst qiymətlər və özəl mülkiyyətdir.
Onun fikrincə, birinci sütun iqtisadi idarəetmə orqanlarının fəaliyyəti sayəsində qorunub saxlanılır, digər iki sütun isə zəifləyib. Çubays təqdimatda “Sərbəst qiymətlər” sütununu çatlarla, “Özəl mülkiyyət” sütununu isə əyilmiş vəziyyətdə təsvir edib. O, sərbəst qiymətlərə və özəl mülkiyyətə təzyiqin bundan sonra da davam edəcəyini proqnozlaşdırıb.
Çubaysın mühazirəsi əsasən 1990-cı illərə, Rusiyanın bazar iqtisadiyyatına keçidinə, islahatlara və girov hərraclarına həsr olunub.
Videonu noyabrın 24-də “Kurs” adlı təhsil YouTube kanalı siyasət, tarix, mədəniyyət və media mövzularında açıq mühazirələr seriyası çərçivəsində yayımlayıb. Video təsvirində qeyd olunur ki, “Rusiya islahatlarının əsas memarlarından biri öz səhvlərini təhlil edir, qərarların məntiqini izah edir və 1990-cı illərin iqtisadi transformasiyalarından nələrin qaldığı barədə düşünür”.
Çubays 2008–2020-ci illərdə “Rosnano”ya rəhbərlik edib, daha sonra prezidentin xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 2022-ci ilin martında istefa verərək Rusiyanı tərk edib.
2025-ci ildə “Rosnano”nun bir sıra keçmiş top-menecerləri barəsində cinayət işləri açılıb. Dövlət korporasiyası onlardan və Çubaysdan bir neçə milyard rubl məbləğində zərərin ödənilməsini tələb edib.
2025-ci ilin iyununda Kanada Çubaysa qarşı sanksiyalar tətbiq edib. O, bu qərarı Kanada məhkəməsində mübahisələndirib. Çubays iddiasında tarixən Rusiya prezidentinə qarşı müxalif mövqedə olduğunu və Ukraynadakı müharibəyə qarşı çıxdığını bildirib. 2026-cı ilin aprelində ona qarşı sanksiyalar ləğv edilib.
N.Talıblı