Ürək xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır.

Statistikaya görə, bu xəstəliklər hər üç insandan birinin həyatına son qoyur. Bununla belə, ilk təhlükəli əlamətləri vaxtında aşkar etmək və mütəxəssisə müraciət etməklə ürək-damar xəstəliklərinin əksəriyyətinin qarşısını almaq mümkündür.

1. Döş qəfəsində narahatlıq və ağrı

Əvvəllər pilləkənlə rahat qalxır, uzun məsafələr qət edirdinizsə, indi isə eyni fiziki yük zamanı sinənizdə sıxılma, yanma və ya təzyiq hiss edirsinizsə, bu, ciddi narahatlıq üçün əsasdır. Belə hisslər stenokardiyanın (xalq arasında “ürək sıxılması”) və ya ürəyin işemik xəstəliyinin əlaməti ola bilər. Xüsusilə fiziki aktivlik zamanı yaranan və istirahət etdikdə keçən ağrılar təhlükəlidir.

2. Təngnəfəslik və daimi yorğunluq

Həddindən artıq yüklənən ürək əvvəlki kimi adi fiziki fəaliyyətin öhdəsindən gələ bilmir. Əgər normal gəzinti zamanı nəfəsiniz daralmağa başlayıbsa və ya əvvəlkindən daha tez yorulursunuzsa, bu dəyişiklikləri görməzdən gəlməyin.

Xüsusilə minimal fiziki aktivlik zamanı yaranan təngnəfəslik ürək çatışmazlığının və ya qan dövranı pozuntularının tipik əlamətlərindən biri ola bilər.

3. Ayaqlarda şişkinlik

Axşam saatlarında ayaqlarınız şişirsə və corabın rezini dərinizdə dərin izlər qoyursa, bu, ürəyin qanı lazımi şəkildə dövr etdirməkdə çətinlik çəkdiyinin ilkin əlamətlərindən biri ola bilər.

Venoz sistemdə qan durğunluğu yarandıqda maye toxumalarda toplanmağa başlayır. Bu, daha çox baldır və ayaq nahiyəsində özünü göstərir.

4. Uzanarkən nəfəs almaqda çətinlik

Uzanmış vəziyyətdə boğulma hissi və ya hava çatışmazlığı da diqqət tələb edən əlamətlərdəndir.

Ürək çatışmazlığı olan insanlar nəfəs almalarını asanlaşdırmaq üçün çox vaxt yarıoturaq vəziyyətdə yatmağa, başlarının altına bir neçə yastıq qoymağa məcbur olurlar. Əgər uzanaraq yatmaq sizə əvvəlkindən daha çətin gəlirsə, elektrokardioqramma (EKQ) və digər müayinələrdən keçmək üçün həkimə müraciət etmək lazımdır.

5. Yüksək arterial təzyiq

Bir çox insan təzyiqini ölçür, lakin özünü yaxşı hiss etdiyi üçün göstəricilərin yüksək olmasına əhəmiyyət vermir.

Ancaq arterial təzyiqin davamlı olaraq 140/90 mm civə sütunundan yüksək olması, hətta insan heç bir narahatlıq hiss etməsə belə, ürək və damarlar üçün risk faktorudur.

Yüksək təzyiq damarların divarlarını səssiz şəkildə zədələyə, hipertoniya, infarkt və insult riskini artıra bilər.

Sunay Aydın