Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi, beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group (PMCG)-un baş məsləhətçisi Armen Qriqoryan hesab edir ki, TRIPP layihəsi və regional kommunikasiyaların açılması ABŞ üçün strateji əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verə bilər.

Azpost.info bildirir ki, A.Qriqoryan bu barədə Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun fikrincə, Ermənistan iqtisadi əlaqələrini şaxələndirməli, digər regional tərəfdaşlarla əməkdaşlığı məhdudlaşdırmadan Rusiyadan asılılığını azaltmalıdır.

Qriqoryan bildirib ki, ABŞ Prezidenti Donald Trampın TRIPP layihəsinə xüsusi diqqət yetirməsi bu layihənin Vaşinqtonun siyasi prioritetlərindən biri olması ilə bağlıdır. Bununla belə, ABŞ-ın regionun blokadadan çıxarılmasına marağı indiki administrasiyadan xeyli əvvəl yaranıb. “ABŞ üçün TRIPP layihəsi və regionun blokadadan çıxarılması çox mühüm məsələdir. Söhbət təkcə Cənubi Qafqazdan deyil, həm də Mərkəzi Asiya, Avropa və Çindən gedir. Bütün bu amillər bir-biri ilə əlaqəlidir və ABŞ üçün böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Qriqoryan vurğulayıb ki, ABŞ-ın regional kommunikasiyaların açılmasına marağı bundan sonra da qalacaq. Onun qiymətləndirməsinə görə, TRIPP layihəsinin siyasi, iqtisadi və geosiyasi əhəmiyyəti var, lakin layihə ilk növbədə böyük iqtisadi imkanlar yaradır.

Qriqoryan Rusiyanın layihədə iştirak etməməsinin səbəbini də izah edib. Onun sözlərinə görə, Ermənistan ilkin mərhələdə Rusiya tərəfinə 8 avqust tarixli Vaşinqton Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında kommunikasiyaların açılmasını təmin etmək təklifini irəli sürüb. Lakin Moskva təklif olunan yanaşma ilə razılaşmayıb. “Rusiya TRIPP-də iştirak etmir, çünki həmin prinsiplərlə razılaşmayıb. Onlar bunu daha çox dəhliz kimi təsəvvür edirdilər”, – Qriqoryan bildirib.

O, həmçinin noyabrın 9-da əldə olunmuş əvvəlki razılaşmaların kommunikasiyaların indiki layihədən daha geniş və hərtərəfli açılmasını nəzərdə tutduğu barədə iddiaları təkzib edib.

N.Talıblı