Çində qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin qara qutularından biri tapılıb.

Azpost.info bildirir ki, bu barədə axtarış işləri aparan heyət üzvləri mətbuat konfransında açıqlama veriblər. Bildirilib ki, təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik ərazi olduğundan axtarış işləri çox çətinliklə aparılıb. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə olunur. Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvünün olduğu təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb. Çinin 4 ən iri aviasiya şirkətindən olan “Şərq Hava Yolları” qəzadan sonra istifadəsində olan bütün “Boeing 737-800” tipli təyyarələrin uçuşunu dayandırıb. Dünyada təyyarə parkının ümumi dəyərinin bir trilyon ABŞ dollarına çatdığı yeganə ölkə ünvanına sahib olan Çinin əsas mülki aviasiya şirkətlərinin istismarında təxminən 1400 ədəd yeni nəsil “Boeing 737-800” tipli təyyarə var ki, bu da həmin şirkətlərin təyyarə parkının 37 faizi deməkdir. “Çin Şərq Hava Yolları” şirkəti isə uçuşlarda 225 belə təyyarədən istifadə edir.

“China Eastern Airlines” şirkəti qəza ilə əlaqədar 9 işçi qrup yaradıb. Bu qruplar hadisənin təhqiqatı, təyyarədə olan sərnişinlərin ailələrinə dəstək, logistika, hüquqi işlər, maliyyə və digər məsələlərlə məşğul olur.

Əvvəlki məqalə

“Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq” –

Sonrakı məqalə

Bu gün Beynəlxalq Teatr Günüdür