COVID-19 pandemiyası gözlənildiyindən daha dərin və uzunmüddətli fəsadlar buraxıb. Yeni beynəlxalq araşdırma göstərib ki, milyonlarla insan karantin məhdudiyyətləri aradan qaldırılsa və həyat əvvəlki axarına qayıtsa da, hələ də xroniki yuxusuzluq, daimi yorğunluq və digər yuxu pozğunluqlarından əziyyət çəkir.
Azpost.info bildirir ki, bu barədə Earth.com məlumat yayıb.
Araşdırmanın əsas hissəsi London Kral Kolleci ilə Flinders Universitetinin (Avstraliya) alimləri tərəfindən aparılıb. Tədqiqatçılar sərt karantin dövründə müşahidə etdikləri 2390 nəfəri yenidən sorğuya cəlb edərək onların yuxu vəziyyətini qiymətləndiriblər.
Nəticələr alimlər üçün gözlənilməz olub. Məlum olub ki, məhdudiyyətlərin ləğvindən sonra belə iştirakçıların əksəriyyətində gecə yuxusunun keyfiyyəti demək olar ki, yaxşılaşmayıb. Respondentlər gündüz həddindən artıq yuxululuqdan və gecə yuxuya getməkdə çətinlik çəkdiklərindən şikayət ediblər.
Araşdırmanın ən maraqlı nəticələrindən biri isə yuxu problemlərinin əsas səbəbinin COVID-19 infeksiyası və ya post-COVID sindromu olmamasıdır. Alimlər müəyyən ediblər ki, bu pozuntular koronavirusa yoluxub-yoluxmamasından asılı olmayaraq bir çox insanda davam edir.
Bundan əlavə, tədqiqat zamanı narahat ayaqlar sindromu hallarının da artdığı müəyyən edilib. Bu vəziyyət insanın rahat yatmasına mane olur və yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xroniki yuxusuzluq immun sistemini zəiflədir, yaddaşı pisləşdirir və ümumi sağlamlığa mənfi təsir göstərir.
Həkimlər bildirirlər ki, yuxu problemləri uzun müddət davam edərsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Erkən diaqnostika və düzgün müalicə gələcəkdə daha ciddi sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər.
N.Talıbov