Çubaysı zəhərləyiblər?- Avropa polisi araşdırma aparır, Kreml “kömək edə bilərik” deyir

“Anatoli Çubaysın xəstəxanaya yerləşdirilməsi üzücü xəbərdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, bu üzücü xəbərdir, ona tezliklə sağalmasını arzu edirik. Amma eyni zamanda, təfərrüatlara sahib deyilik”, – Peskov bildirib.

Peskov qeyd edib ki, müraciət olarsa, Rusiya kömək etməyə hazırdır: “Çubays Rusiya vətəndaşıdır. Mümkün olduğu qədər bütün Rusiya vətəndaşlarına kömək etməyə çalışırıq”.

“Rosnano”nun keçmiş rəhbəri, həmçinin prezident Putinin sabiq xüsusi nümayəndəsi Anatoli Çubays Avropa klinikalarından birində reanimasiyadadır. Həyat yoldaşı Avdotya Smirnova bildirib ki, Çubaysın vəziyyəti qəfil pisləşib. Həkimlər əllərini və ayaqlarını tərpədə bilməyən Çubaysa Guillain-Barre sindromu diaqnozu qoyublar. Bu sindrom koronavirusdan sağalmış, yaxın vaxtlarda peyvənd olunmuş və ya əməliyyat olunmuş insanlarda baş verə bilər.

Daha sonra TASS-a danışan mənbə aydınlaşdırıb ki, Çubaysın vəziyyəti yaxşılaşır.

Hadisə yerinə polis gəlib, bütün mümkün şahidlər dindirilib. Otaqda zəhərli maddələrin olub-olmadığı barədə məlumat verilmir, lakin diaqnozun dəyişə biləcəyi vurğulanır.

Bu ilin mayında xəbər yayılmışdı ki, Rusiya təhlükəsizlik rəsmiləri Çubaysın Avropadakı gizli hesabları ilə bağlı axtarışlara başlayıb. Həmin vaxt Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirmişdi ki, güc strukturları Çubaysın Avropa banklarında mümkün gizli hesabları haqqında məlumatları yoxlayacaq. İddialara görə, bu hesablardakı xarici valyutanın həcmi bir neçə milyarda çata bilər.

Qeyd edək ki, martın 23-də A.Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsindən istefa verərək Rusiyanı tərk edib.

Azpost.info

 

Əvvəlki məqalə

Sülhməramlılar Ermənistanın sabiq XİN başçısını Xankəndinə buraxmayıb

Sonrakı məqalə

Səlim Müslümovun məhkəməsi təxirə salındı –