Dərman qəbul edərkən bu qidaları yeməyin– Mütəxəssislər xəbərdarlıq edir

Əksər insanlar dərmanlarını vaxtında qəbul etməyə çalışır. Lakin çoxları istifadə etdikləri qida və içkilərin dərmanların təsirinə ciddi şəkildə təsir göstərə biləcəyini nəzərə almır. Bəzi qida-dərman kombinasiyaları müalicənin təsirini zəiflədə, gücləndirə və ya təhlükəli yan təsirlərə səbəb ola bilər.

Bu barədə Walla nəşri yazır.

HuffPost-un istinad etdiyi mütəxəssislər bildirirlər ki, hər hansı dərman müalicəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək vacibdir. Xüsusilə dərmanın qida ilə birlikdə və ya acqarına qəbul edilməsinin əhəmiyyəti öyrənilməlidir.

Qreypfrut bəzi dərmanlarla uyğun gəlmir

Qreypfrut dərmanlarla qarşılıqlı təsiri ən yaxşı öyrənilmiş meyvələrdən biridir. O, həzm sistemində bəzi dərmanların parçalanmasına cavabdeh olan fermenti bloklayır. Nəticədə preparatın qanda səviyyəsi normadan artıq yüksələ və ağır fəsadlar yarana bilər.

Bu xüsusilə bəzi yüksək təzyiq əleyhinə dərmanlara, xolesterini azaldan preparatlara, psixotrop dərmanlara aiddir. Lakin bu təsir bütün eyni qrup dərmanlara şamil olunmur. Buna görə də hər bir halda həkimlə məsləhətləşmək lazımdır.

Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, brokkoli, kələm və manqold kimi yaşıl yarpaqlı tərəvəzlər K vitamini ilə zəngindir. Bu vitamin bəzi qan durulaşdırıcı dərmanların təsirini dəyişə bilər.

Həkimlər bu tərəvəzlərdən tam imtina etməyi məsləhət görmürlər. Əsas şərt onların qəbulunda kəskin dəyişiklik etməməkdir. Çünki K vitamininin miqdarındakı ani artım və ya azalma müalicənin gedişinə təsir göstərə bilər.

Süd məhsulları

Süd və digər süd məhsullarının tərkibindəki kalsium bəzi dərmanların sorulmasını azalda bilər. Bu xüsusilə bəzi antibiotiklərə, qalxanabənzər vəzi dərmanlarına, osteoporozun müalicəsində istifadə olunan preparatlara aiddir.

Belə hallarda həkimlər dərman qəbulu ilə süd məhsullarının istehlakı arasında bir neçə saat fasilə saxlamağı tövsiyə edirlər.

Kaliumla zəngin qidalar

Banan, avokado və kaliumla zəngin digər məhsullar müəyyən təzyiq dərmanları ilə birlikdə qəbul edildikdə orqanizmdə kaliumun həddindən artıq artmasına səbəb ola bilər.

Kofein

Qəhvə, enerji içkiləri və digər kofeinli məhsullar diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) müalicəsində istifadə olunan stimullaşdırıcı dərmanlarla birlikdə qəbul edildikdə ürəkdöyünmə, əllərin titrəməsi və narahatlıq hissini gücləndirə bilər.

Faydalı qida-dərman kombinasiyası da var

Mütəxəssislər bildirirlər ki, bütün qarşılıqlı təsirlər mənfi deyil. Məsələn, C vitamini dəmirin orqanizm tərəfindən mənimsənilməsini artırır. Buna görə də dəmir preparatlarının portağal, limon və ya digər C vitamini ilə zəngin qidalar və içkilərlə birlikdə qəbul edilməsi daha faydalı hesab olunur.

Həkimlər vurğulayırlar ki, dərmanların təhlükəsiz və effektiv təsir göstərməsi üçün yalnız qəbul vaxtına deyil, gündəlik qidalanmaya da diqqət yetirmək lazımdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.