“Dağlıq Qarabağ Azərbaycan ərazisidir, İlham Əliyev Qafqazın ən uğurlu siyasətçisidir” –Karen Şahnazarov (MÜSAHİBƏ)

“Mosfilm”in baş direktoru, erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov APA-ya müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

– Karen Georgiyeviç, sizinlə, tanınmış rusiyalı kinorejissorla müsahibəyə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualdan başlamaq istəyirəm. Sizcə, Azərbaycanın qələbəsi ilə nəticələnən və 44 gün davam edən bu müharibə münaqişəni bitirdimi?

– Mən çox ümid edirəm ki, bu münaqişə sona çatıb. Çünki bunun alternativini görmürəm. Bu münaqişənin qisası mümkün deyil. Əgər qisas olsa, xalqların məhvinə gətirib çıxaracaq. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan balaca ölkədir, əhalilərinin sayı da azdır. Ermənistan əhalisi lap azdır. Nə ermənilər, nə də azərbaycanlılar həmin ərazilərdən heç yerə uçub getməyəcəklər. Onlar hər zaman qonşu olacaqlar. Azərbaycanlılar Marsa, ermənilər Aya uçub getməyəcəklər. Ona görə də, hesab edirəm ki, hər iki xalqın birlikdə yaşayıb inkişaf etməsi, əməkdaşlığı, mehriban qonşuluğu üçün yollar axtarıb tapılmalıdır. Onu da qeyd edim ki, tarixin bir çox dövrlərində bütün bunlar olub, ermənilər və azərbaycanlılar birlikdə çox yaxşı yaşayıb, əməkdaşlıq ediblər. Mən çox ümid edirəm ki, bu münaqişə Cənubi Qafqazda ən sonuncu müharibədir.

“İlham Əliyev özünü nəhəng siyasətçi kimi göstərdi”

– Sizcə, iki xalqın bir yerdə yaşamasına hansı qüvvələr maneə olur? Ermənilər və azərbaycanlılar dünyanın bir sıra yerində dinc şəraitdə yaşayırlar. Götürək elə Rusiyanı…

– Aydındır ki, uzunmüddətli ziddiyyətli dövr, birinci Qarabağ müharibəsi, indiki müharibə, 30 il davam edən düşmənçilik, heç bir təmasın olmaması hər iki xalqda milliyyətçi, barışmaz qüvvələri sevindirib. Anlaşılandır ki, həm azərbaycanlılar tərəfdə, həm də ermənilərdə ekstremist, millətçi qüvvələr var. Onlar müharibə istəyirlər, qisas istəyirlər. Mənə elə gəlir ki, həmin qüvvələr yenə münaqişəni alovlandırmaq, təxribat törətməyə davam edəcəklər. Məndə belə bir hiss var ki, ümumilikdə nə Azərbaycan xalqı, nə də erməni xalqı daha müharibə etmək istəyir. Məncə, hər iki xalq başa düşür ki, bunu bitirmək lazımdır. İki müharibə olub. Hesab 1:1-dir. İkinci qolu vurmaq lazım deyil. Buna son vermək lazımdır. Mənə elə gəlir ki, Azərbaycan rəhbərliyi, Prezident ilham Əliyev də bunu başa düşür. Azərbaycan Prezidenti bu münaqişə zamanı yeni bir açılım etdi. İlham Əliyev özünü nəhəng siyasətçi kimi göstərdi. Deyə bilərik ki, İlham Əliyev son 30 ildə Cənubi Qafqazın ən uğurlu siyasətçisidir. Bu gün Azərbaycan Prezidenti hər şeyi ölçüb-biçən siyasətçi təəssüratı yaradır. O, Azərbaycan müharibədə qalib gəldiyinə görə özü və ölkəsi üzərinə düşən bütün məsuliyyəti dərk edir. Ona görə də ümid edirəm ki, Ermənistanın siyasi elitası da elə bir siyasətçi irəli sürəcək ki, həmin şəxs revanşın lazımsız olduğunu, qisasa hazırlaşmağın əhəmiyyətsiz olduğunu dərk etsin. Həmin siyasətçi Ermənistanla Azərbaycan arasında neytral əlaqələrin deyil, mehriban qonşuluq və dostluq əlaqələrinin bərpasının yollarının axtarıb tapılması barədə düşünməlidir. Hesab edirəm ki, bu iki xalq arasında ancaq dostluq münasibətləri bütün Cənubi Qafqazda sülhün təminatı ola bilər. Neytral münasibətlərlə yox, əməkdaşlıq, normal dostluq münasibətləri ilə nəyəsə nail olmaq mümkündür. Arzu olunandır ki, Gürcüstan da bu əməkdaşlıqda iştirak etsin. Cənubi Qafqazda üç balaca ölkə bir halda yaşayıb yarada bilər ki, onlar bir-biri ilə mehriban qonşuluq və dostluq münasibətlərində olsunlar. Əks halda bu, mümkün olmayacaq. Çünki bu ölkələrin ətrafında elə siyasi nəhənglər – Rusiya, Türkiyə və İran var ki, onlar hər zaman Qafqaz ölkələrini müxtəlif tərəflərə dartıb aparacaq. Ona görə də hesab edirəm ki, Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlığı, mehriban qonşuluq münasibətlərində olması uğurlu istiqamətdir.  

“Azərbaycanlılar Ermənistanı tərk etmək məcburiyyətində qalıblar”        

– Azərbaycanda hazırda on minlərlə erməni yaşayır. Bilirəm, siz çıxışlarınızda bu rəqəmlərə inanmadığınızı bildirmisiz. Amma mən Azərbaycan vətəndaşıyam. Bakıda doğulub, böyümüşəm. Hazırda mənim boya-başa çatdığım binada Svetlana Akopyan adlı erməni qonşumuz yaşayır. Günü bu gün də Sveta xalanın erməni olduğunu bina sakinləri bilir və deyim ki, bütün qonşuların ona münasibəti yaxşıdır. Bu misalı mən sizə mətbuatdan gətirmirəm, canlı şahidi olduğum hadisəni danışıram. Amma mətbuatdan da misal gətirə bilərəm. Hərbi əməliyyatlar zamanı Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın Kürdəmir rayonunda yaşayan bacısı ilə müsahibə yayımlanmışdı.

– Heç kəs həmin erməniləri göstərməyib. Düzünü deyim ki, mən heç vaxt Bakıda yaşayan ermənilərə söz verildiyini görməmişəm. Belədirsə, onları çəkib göstərmək lazımdır. Qoy danışsınlar. Bilirəm ki, çox çətin vəziyyətlər olub. Sumqayıt hadisələri olub. On minlərlə erməni Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Əlbəttə ki, əks proseslər də olub. Azərbaycanlılar Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Başa düşürəm ki, bu 30 il ərzində Ermənistanda anti-Azərbaycan, Azərbaycanda anti-Ermənistan ritorikaları gedib. Yəqin ki, siz də inkar etməzsiniz ki, Azərbaycanda da ermənilərə qarşı millətçi, barışmaz mövqedə olan insanlar var. Düşünürəm ki, münasibətləri düzəltmək üçün dövlətlər səviyyəsində əks ritorikaları dayandırmaq lazımdır. Ermənistanda anti-Azərbaycan, Azərbaycanda anti-Ermənistan ritorikasına son qoyulmalıdır. Aydındır ki, bu 30 il ərzində bir-birinə düşmən kimi baxan nəsil yetişib. Mənə elə gəlir ki, indi hər iki dövlət diqqəti yeni yetişən nəslin tərbiyəsinə yönəltməlidir. Yeni nəsil elə tərbiyə olunmalıdır ki, bir-birinə dözümlü, dostluq münasibətləri bəsləsin. Deyim ki, bu cür münasibətlər azərbaycanlılar və ermənilər arasında tarixin müəyyən dövrlərində olub. Mənim Moskvada çoxlu azərbaycanlı dostum var. Aramızda heç vaxt heç bir problem olmayıb. Bilirəm ki, bu, uzun prosesdir. Bununla məşğul olmaq lazımdır. Bir daha təkrar edirəm ki, azərbaycanlılar və ermənilər qonşu olmağa məhkumdurlar. Əməkdaşlıq etmək, təmas qurmaq müharibə etməkdən yaxşıdır. Bu, çox vacibdir. Bütün bunların baş verməsi üçün dövlətlərin rəhbərlərindən müdriklik tələb olunur.       

“Keçmişə qərq olub, kimin daha qədim xalq olduğunu sübut etmək lazımsızdır”

– Yaxın tarixə qayıtmaq istəyirəm. XX əsrin sonlarına, Sovetlər İttifaqının süqutu ərəfəsinə. Ermənilər bu münaqişənin Sumqayıtdan başladığını iddia edirlər. Lakin bu, elə də uzaq tarix deyil. Sumqayıta qədər Ermənistanda yaşayan azərbaycanlılar doğma yurdlarından qovulmuşdular. 1987-ci ilin sonunda Qafanda azərbaycanlılara qarşı vəhşiliklər törədilmişdi. Siz də bu faktı təkzib edirsiniz?

– Başa düşürsünüz, mən deyə bilmərəm… Əlbəttə ki, mən həmin dövrdə yaşamışam, həmin hadisələri xatırlayıram. Deyə bilmərəm ki, həmin dövrdə mənim Ermənistanla hansısa əlaqəm olub. Bizim ailənin Ermənistanla heç bir əlaqəsi olmayıb. Orada qohumlarımız da olmayıb. Bəli, mən ata tərəfdən Qarabağ ermənisiyəm. Lakin prinsipcə, Ermənistanla çoxdan heç bir əlaqəmiz olmayıb.

Mən Azərbaycan və erməni tarixçilərini oxuyuram. Bilirsiniz, əgər sonsuza qədər keçmişi qurdalasaq, bu, heç də yaxşı şeyə gətirib çıxarmayacaq. Fikrimcə, buna son verilməlidir. Qoyun, tarixçilər öz axtarışlarını aparsınlar, öz aralarında mübahisə etsinlər. Mənə elə gəlir ki, azərbaycanlı tarixçilər sübut etməyə çalışırlar ki, ermənilər Qarabağda olmayıb, ümumiyyətlə ermənilərin Qarabağa aidiyyəti yoxdur. Düşünürəm ki, bu, həqiqət deyil. Digər tərəfdən, erməni tarixçiləri bildirirlər ki, azərbaycanlılar heç vaxt orda olmayıb, haradan gəldikləri məlum deyil. Anlaşılandır ki, bu da həqiqət deyil. Bütün bunlar hər iki xalqın düşüncəsinə zərərli təsir edir. Məncə, keçmişi bir kənara qoymaq lazımdır. Keçmişə qərq olub, kimin daha qədim xalq olduğunu, nələr etdiyini sübut etmək lazım deyil. Bütün bunları bir kənara qoyub qarşılıqlı əməkdaşlığı qurmaq lazımdır. Mənə elə gəlir ki, hər iki xalq öz qarşısına vəzifə qoymalıdır: bizə birlikdə yaşamaq və inkişaf etmək lazımdır. Biz birgə yeni əməkdaşlıq qurmalıyıq. Tarixçilər isə qoyun, konfranslarda toplaşsınlar, mübahisələrini etsinlər, daha sonra da gedib, Qafqazda qəbul olunduğu kimi, yaxşı restoranda oturub mübahisələrini bitirsinlər. Ona görə də, fikrimcə, sonsuza qədər tarixi qurdalamaq, yaxşı şeyə gətirib çıxarmır. Tarixdən yaxşı cəhətləri götürmək lazımdır. Azərbaycanlıların və ermənilərin tarixində gözəl səhifələr var ki, onları nümunə götürmək olar. Biz birlikdə sovetlər ittifaqında yaşamışıq. Hər iki xalqı Rusiya imperiyasının tərkibində uzun tarix bağlayır. Mən özüm orduda azərbaycanlılarla xidmət keçmişəm. Atalarımız, babalarımız birlikdə Böyük Vətən müharibəsində vuruşublar. Hər iki xalqın birlikdə normal yaşaması və əməkdaşlıq etməsi üçün çoxlu sayda nümunə var. Biz buna vurğu etməliyik. Əgər hər zaman keçmişdə olan münaqişə nöqtələrini axtarsaq, bu, bütün xalqların həyatında baş verib. Baxın, fransızlar və almanlar yüz illərlə müharibə aparıblar, bir-birilərini öldürüblər, qırıblar, bir-birilərinin torpaqlarını götürüblər, Elzas gah Almaniyada olub, gah Fransada, nələr etməyiblər ki… Nəticədə, bu xalqlar o vəziyyətə gəliblər ki, indi Fransa və Almaniya Avropanın ən yaxşı müttəfiqləridir. Onlar özlərində ümumi olanı tapmaq imkanı əldə ediblər, yoxsa daim düşünməyiblər ki, Verden ətrafında milyondan çox insan həlak olub və sair. Ona görə də düşünürəm ki, hər iki xalqın ortaq keçmişində münaqişəli məqamları deyil, düzgün, müsbət şeyləri tapmaq çox vacibdir. Münaqişələr ailənin içində, ərlə arvad arasında da olur. Əgər sən daim bu münaqişə ilə yaşasan, heç vaxt ailə qura bilməyəcəksən. İnsanlar birlikdə yaşadıqca həyatlarını daha da yaxşılaşdırmağa cəhd edirlər. Azərbaycanlılar və ermənilər bunu əsas götürməlidirlər. Əgər hər zaman qisasa hazırlaşsan, onda bu, heç nə verməyəcək. 94-cü ildə Ermənistan udmuşdu. İndi isə müharibədə Azərbaycan qalib gəlib. Yaxşı, Ermənistan indi hazırlaşıb, 30-40 ildən sonra yenidən müharibəyə başlayacaq, daha sonra yenidən Azərbaycan? Bu, sonsuza qədər belə gedəcək? Bu nə verəcək? Ancaq xalqlar məhv olacaq. Xalqlar da, ölkələr də balacadır. Onlara inkişaf etmək lazımdır. Onlara gənclərini qorumaq lazımdır. Ermənistanın əhalisi lap azdır. Ona görə də keçmişi mütəxəssislərə buraxmaq lazımdır. Əgər onlara bu lazımdırsa… Baxmayaraq ki, onlar da ortaq keçmişimizdə müsbət məqamları tapa bilərlər.

“Atam Dağlıq Qarabağın müstəqilliyinin, bu münaqişənin qəti əleyhinə idi”

– Üç il öncə, mən Sumqayıt hadisələri barədə işi aparan SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Vladimir Kaliniçenko ilə müsahibə etmişdim. O, Sumqayıt işinin qurma olduğunu, “KQB” tərəfindən həyata keçirildiyini bildirib. Hətta qırğının təşkilatçılarından birinin milliyyətcə erməni Eduard Qriqoriyan olduğu da sübut olunub.

– Mən bu haqda bilmirəm. Düzünü desəm, buna çox da inanmıram. Məncə, sovet DTK-sı bu işlərlə məşğul olmayıb. Burada heç bir məna görmürəm. Sumqayıt hadisəsi faciəvi hadisə idi. Başa düşürəm ki, Azərbaycan ictimaiyyəti burada DTK-nı günahlandırır.

– Bunu Azərbaycan tərəfi yox, rus müstəntiq Kaliniçenko deyir…

– Məncə, bu, faciə idi. Bunu etiraf etməkdə qorxulu bir şey yoxdur. Aydın məsələdir ki, bunu quldurlar etmişdilər. Bilirəm ki, azərbaycanlı tarixçilər mənim atamın Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi tutduğunu deyirlər. Atam o zaman Qorbaçovun müşaviri idi. Ermənilər isə, əksini, anti-erməni mövqeyi tutduğunu deyirdilər.

– Əslində, necə olub?

– Əslində, atam bu münaqişənin qəti əleyhinə idi. Atam həm də Qarabağın öz müstəqilliyini elan etməsinə qarşı  idi. O, bunun münaqişəyə gətirib çıxaracağını deyirdi. O, haqlı da çıxdı. Lakin Azərbaycanda onu az qala münaqişəni yaradanlardan biri hesab edirlər. Ermənistanda isə bunun əksini düşünürlər. Hesab edirlər ki, atam onlara maneə olub. Atam tamamilə sovet adamı olub. Qarabağ ermənisi idi. Digər tərəfdən, o, Bakıda böyümüşdü, Bakını, Azərbaycanı gözəl tanıyırdı. Atam, ümumiyyətlə, Sovetlər İttifaqının tərəfdarı idi. Hər iki tərəfdən münaqişəni yatırmağa çalışırdı. Bütün bunlara baxmayaraq, hər iki tərəf onu mənfi qəbul edir.

“Qorbaçovun ətrafında belə insanlar olub”

– Karen Georgiyeviç, bununla belə, Qorbaçovun ətrafında bir sıra ermənilərin, misal üçün akademik Aqanbekyanın bu münaqişənin alovlandırılmasında oynadığı rolu qəbul edirsinizmi?

– Mən bu nüansları o qədər də bilmirəm. Onu dəqiq bilirəm ki, atam bu münaqişənin baş verməməsi üçün çalışıb. Əlbəttə ki, Qorbaçovun ətrafında belə insanlar olub. Həmin dövrdə ekstremistlər həm də Ermənistanda vardı. Hesab edirəm ki, burada əsas rolu Moskva erməniləri deyil, Ermənistanın ziyalı təbəqəsindəki ekstremist qüvvələr oynayıblar. O zaman Ermənistanda yerli milliyyətçilik çiçəklənmişdi. Sovet İttifaqının son dövrlərində hər yerdə bu milliyyətçilik baş qaldırmışdı. Düşünürəm ki, milliyyətçilərin mənasız addımları sonda bu münaqişəyə gətirib çıxardı.    

“Ermənistanın qonşularına qarşı ərazi iddiaları inandırıcı görünmür”          

– Siz, Ermənistanın xilasını nədə görürsüz? “Böyük Ermənistan” xülyası, qonşularına qarşı ərazi iddialarından əl çəkməyən erməniləri sizcə hansı gələcək gözləyir?

– Mən bunu ağlabatan hesab etmirəm. Ermənistan balaca, əhalisi az olan kiçik ölkədir. Hansı ki, bu gün dost olmayan ölkələrin əhatəsində qalıb. Bu, təbii ki, Ermənistanın inkişafına mane olur. Mənə elə gəlir ki, Ermənistan və erməni xalqı hər şeydən öncə özünün inkişafı haqqında düşünməlidirlər. Bunun üçünsə Ermənistana ətrafındakı düşmən ölkələri dost ölkəyə çevirməsi lazımdır. Məncə, qonşularına qarşı ərazi iddiaları bu gün Ermənistana ancaq maneə törədir. Başa düşmək lazımdır ki, Ermənistan faktiki olaraq blokadada yerləşir. Bir tərəfdən dost olmayan Azərbaycan, o biri tərəfdən Türkiyə, üçüncü tərəfdən isə çox da dost olmayan Gürcüstan. Qalır İran. Lakin aydındır ki, İranın bir tərəfdən Türkiyə ilə, digər tərəfdən Azərbaycanla münasibətləri var. Ermənistanla da münasibəti yaxşıdır. Lakin bütün bunlar dəyişə bilər. Ona görə də hesab edirəm ki, Ermənistan elə qərar axtarıb tapmalıdır ki, ona qonşuları ilə əlaqə qurmağa imkan versin. Əlbəttə ki, Ermənistanın qonşularına qarşı ərazi iddiaları burada heç də inandırıcı görünmür.

“Hər zaman deyirdim ki, Azərbaycan ərazi bütövlüyü məsələsini etiraf etmək lazımdır”           

– Sizin Rusiya telekanallarında yayımlanan siyasi tok-şoularda çıxışlarınızı izləyirdim. Açığını deyəcəm. Münaqişənin ilk günlərində sizin də Azərbaycana qarşı mövqeyiniz sərt idi Lakin daha sonra mövqeyinizdə bir az yumşalma gördüm…

– Çıxışlarımda sərtlik nədə idi? Mən əvvəlcədən deyirdim ki, müharibə mənasızdır, güzəşti axtarıb tapmaq lazımdır.

– Deyirdiniz ki, Azərbaycan bu müharibədə qələbə qazana bilməz…

– Bəli. Düzünü desək, mən düşünürdüm ki, Ermənistan ordusu daha yaxşı hazırlıqlıdır. Lakin hər zaman deyirdim ki, müharibə heç də bütün məsələləri həll etmir. Hər zaman deyirdim ki, Azərbaycan ərazi bütövlüyü məsələsini etiraf etmək lazımdır. Bu, hər zaman mənim mövqeyim olub. Digər tərəfdən, Azərbaycan etiraf etməlidir ki, Dağlıq Qarabağ ermənilərinin mövcudluq problemi, onların yaşayıb, inkişaf etmələrinin zəmanəti problemləri var. İndi orada hansı siyasi qərar olacaq, bu mənim işim deyil. Bunu etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ erməniləri öz ərazilərində yaşamalıdırlar, inkişaf etməlidirlər və özlərini təhlükəsiz hiss etməlidirlər. Bu, mənim mövqeyim olub. Bəli, mən Ermənistan ordusunun müharibəyə daha yaxşı hazırlaşdığını düşünmüşəm. Lakin bilirdim ki, qələbə qazana bilməyəcəklər. Mənim bu mövqeyim Ermənistan ictimaiyyətində narazılıqlar doğurub. Olsun. Mən Rusiya vətəndaşıyam. Nəyi lazım hesab edirəmsə, onu deyirəm. Əslində, mənim mövqeyim çox sadədir. Mənim Ermənistan və Azərbaycanın gəncliyinə yazığım gəlir. Cənubi Qafqaz xalqları bir-biri ilə döyüşməməlidir, əskinə, birlikdə yaşamaq imkanı tapmalıdır. 

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

– Siz çıxışlarınızda Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğulamışdınız. Bu gün bu problem artıq həll olunub. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ erməniləri də Azərbaycan vətəndaşıdırlar. Sizin bu barədə fikrinizi bilmək maraqlı olardı.

– Bəli, açıq-aydındır ki, Azərbaycan bu hərbi kampaniyada qələbə qazanıb. İndi üstünlük Azərbaycanın tərəfindədir. Fikrimcə, indi Azərbaycan üçün vacib olan Qarabağ ermənilərini onların həyatına heç bir təhlükənin olmamasına əmin etməsidir. Bu məsələ bir qədər vaxt və düzgün qərarlar tələb edir. İnsanları sakitləşdirmək lazımdır. Onlar başa düşməlidirlər ki, yox olmaq və torpaq itkisi təhlükəsi yoxdur. Düşünürəm ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi düzgün qərardır. Həm də ona görə düzgün qərardır ki, Prezident İlham Əliyev buna razı olub. Başa düşüləndir ki, Azərbaycan hərbi üstünlüyə malik idi və sona qədər gedə bilərdi. Bəs o zaman nə baş verə bilərdi? O baş verəcəkdi ki, ermənilər Dağlıq Qarabağdan tamamilə gedəcəkdilər. Bu isə insanların öz ərazilərindən qovulması deməkdir. Belə olan halda Azərbaycan üçün yaxşı vəziyyət olmazdı. Bu mənada məncə, Azərbaycan Prezidenti çox düzgün qərar qəbul etdi. Bu, Prezident İlham Əliyevin böyük siyasətçi olduğunu göstərir. Bu qərarı verdiyi zaman o, hər şeyi düzgün ölçüb-biçib. İndi isə vaxt lazımdır. Lazımdır ki, insanlar bir-birinə öyrəşsinlər. Əslində, çox sadə bir şey lazımdır, ticarət, alış-veriş etmək. Azərbaycanlılar və ermənilər təşəbbüskar xalqlardır. Onlar ticarət etməyi, əlaqə qurmağı bacarırlar. Mənə elə gəlir ki, iki xalq arasında ticarət əlaqələri başlasa, onlar tez bir zamanda razılığa gələcəklər. Müntəzəm olaraq əməkdaşlıq başlayacaq. Əminəm ki, bundan sonra hər şey keçmişdə qalacaq. Ona görə də insanlara münasibət qurmaq üçün imkan vermək lazımdır. Sərhədlər açılmalı, iqtisadi əlaqələr qurulmalıdır. Düşünürəm ki, bütün bunlardan sonra hər şey unudulacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bütün ölkələr tərəfindən də Qarabağ Azərbaycan ərazisi kimi tanınır.       

“Azərbaycan böyük mədəni adət-ənənəsi olan dövlətdir”

– Rusiyanın bir sıra incəsənət xadimlərinin Qarabağdakı xristian məbədlərinin taleyi ilə bağlı narahatlığından yəqin ki, xəbəriniz var. Bununla belə, həmin incəsənət xadimlərini 30 il işğal altında qalan Azərbaycan məscidlərində donuz saxlanılması qəti narahat etmir. Sizcə bu, ikiüzlü yanaşma deyilmi?

– Düşünürəm ki, bütün məbədlər – həm müsəlman, həm də xristian məbədləri birmənalı olaraq qorunub saxlanılmalıdır. Fərqi yoxdur, tərəflərdən kimsə bu məbədlərə ziyan vurursa, bu, tamamilə qəbuledilməzdir. Dini məbədləri, Allaha münasibəti anlamayan insanlar bunu başa düşmürlər. Mən bunu bir neçə dəfə demişəm. Görünür, yenə təkrarlamaq lazımdır. İslam və xristianlıq bir-birinə çox yaxın dinlərdir. Məhəmməd Peyğəmbərin böyüklüyüdür ki, İsa Məsihi və digər peyğəmbərləri İslama, “Quran”a daxil edib. İslamda İsa Məsih, Məryəm vacib müqəddəslərdən hesab olunur. İncil haqqında danışılır. Ona görə də, kimsə mənə deyəndə ki, İslam xristianlıq üçün hansısa təhlükədir, mən onlara deyirəm ki, “Quran”ı oxusunlar. “Quran”ı oxuyun və görün ki, orada xristianlığa heç bir təhlükə yoxdur. Əksinə, bu din xristianlığa çox yaxındır. Məhəmməd Peyğəmbər qeyri-adi dərəcədə dahi olub. Ona görə də mən məscidlərə ziyan vurulmasını qətiyyətlə qınayıram. Əgər dini məbədlərə qarşı kimsə narahatlığını bildirirsə, hesab edirəm ki, bu, onun hüququdur. Azərbaycan böyük mədəni adət-ənənəsi olan dövlətdir. Azərbaycan rəhbərliyi müdrik insanlardır. Ona görə də, başa düşüləndir ki, Azərbaycan Qarabağdakı bütün dini məbədləri qoruyub saxlayacaq.

– Müsahibələrinizin birində kökünüzün Qarabağdan, Qarabağ hökmdarının nəslindən olduğunuzu bildirmişdiniz. Mənə çox maraqlı gəldi. 1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil olub. Kürəkçay adlanan müqaviləyə Qarabağ xanı İbrahimxəlil xan imza atıb. Onda belə çıxır ki, siz İbrahimxəlil xanın nəslindənsiniz. Elədir?

– Bizim kökümüz Məlik-Şahnazarovlardır. Qarabağ xanlığı Rusiyanın tərkibinə keçəndən sonra Şahnazarovlar adlanıblar. Bəziləri deyir ki, biz sovetlər dövründə soyadımızı Şahnəzərov etmişik. Yox, elə deyil. Bizim ailədə sənəd var. Bu sənəd Nadir Şahın Vərəndə adlanan ərazini Məlik Şahnazərova verməsi haqqında fərmanıdır.

– Vərəndə Qarabağ xanlığının tərkibindəki məlikliklərdən biri olub. Lakin Qarabağın hökmdarı, Kürəkçay müqaviləsinə imzanı atan azərbaycanlı İbrahimxəlil xan olub.

– Düzünü desəm, bu cür nüansları bilmirəm. Bütün bu tarixi incəliklər əlbəttə ki, maraqlıdır.

“Azərbaycanla Ermənistan arasında əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin başqa alternativi yoxdur”  

– Karen Georgiyeviç sonuncu sualım. Sizcə, hadisələr necə inkişaf edəcək? Cənubi Qafqaz regionunun taleyi necə olacaq?

– Ümid edirəm ki, hadisələrin inkişafı elə olacaq ki, Cənubi Qafqaz xalqları əməkdaşlıq edəcək və mehriban qonşuluq münasibətlərini inkişaf etdirəcəklər. Həqiqətən də, başa düşmək lazımdır ki, Gürcüstan, Azərbaycan və Ermənistan xalqları balaca xalqlardır. Başa düşüləndir ki, onların ətrafında ağır çəkili siyasi nəhənglər yerləşir. Mənə elə gəlir ki, Cənubi Qafqaz dövlətlərinin müstəqilliyinin və milli istiqamətli siyasətinin yeganə zəmanəti hər şeydən öncə onların bir-biri ilə qarşılıqlı əməkdaşlıq etməsidir. Fikrimcə, bu xalqlar biri-biri ilə çox yaxşı əməkdaşlıq edə bilər. Çünki bu xalqlar çox istedadlı və təşəbbüskardır. Əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur. Bunun üçün sərhədlər açılmalıdır. Birgə fəaliyyətə başlamaq, fikrimcə, iqtisadi layihələr həyata keçirmək lazımdır. Məncə, iqtisadiyyatı, ticarəti, nəyi hara satıb, nəyi hardan almağı Cənubi Qafqaz xalqları yaxşı bacarır. Mənə elə gəlir ki, vaxt keçəcək, yeni nəsil yetişəcək, bütün bunlar unudulacaq. Bu ,yeganə imkandır. Daim müharibə etsək, onda heç kəs üçün yaxşı olmayacaq. Bu, sonsuz müharibə olacaq. Yenə gənc uşaqlar həlak olacaqlar. Yenə silahlanmaya böyük vəsaitlər xərclənəcək. Balaca xalqların bu cür yaşamaq imkanı yoxdur. Onlar yaxın əməkdaşlığın yolunu tapmalıdırlar. Düşünürəm ki, bütün bunlar mümkündür. Başa düşmək lazımdır ki, hazırda Ermənistan ağır psixoloji durumdadır. Hesab edirəm ki, Azərbaycan siyasi elitası bunu başa düşməlidir. Bu gün bir çox şey Azərbaycanın siyasi rəhbərliyinin, ilk növbədə Prezident İlham Əliyevin atacağı addımlardan asılıdır. Baş verənlər Ermənistanda çox ağrılı qəbul olunur. Lakin bu, keçib gedəcək. Bunun üçün ilk növbədə düzgün addımlar atılmalıdır. Məncə, daim tarixi qurdalamağı, kimin daha qədim xalq olduğunu, kimin ən ağıllı olduğunu sübut etməyi sadəcə olaraq dayandırmaq və bir tərəfə tullamaq lazımdır. Anti-Azərbaycan və anti-Ermənistan ritorikasına da son qoymaq lazımdır. Elə qarşılıqlı münasibətlər qurulmalıdır ki, azərbaycanlı heç kəsdən soruşmadan İrəvana gedə bilsin, erməni də Bakıya, Gəncəyə… Bu cür münasibətlərin qurulmasına səy göstərmək lazımdır. Mənə elə gəlir ki, buna nail olmaq olar. Lakin bu, bir qədər vaxt tələb edir. İndi bir az səbirli olmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sergey Lavrov və Mövlud Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Nərimanov rayonunda anbar yanır