“Danışıqlar heç də asan olmayacaq” –Muxtar Babayev

“Azərbaycana və COP29-a xoş gəlmisiniz. Mən burada iştirak edən ölkələrin təmsilçilərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çox təşəkkür edirəm. Biz təkcə Azərbaycanın qonaqpərvərliyini deyil, həm də zəngin təbiətini nümayiş etdirmək istəyirik”.

APA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.

Muxtar Babayevin sözlərinə görə, ətraf mühit proqramı onu deməyə əsas verir ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb: “Bu isə fəlakətdən xəbər verir. Müxtəlif kontinentlərdə insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir. Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik. Burada əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir. Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir. Bizim yekun qərar qəbul etməyimiz üçün 11 günümüz var. Biz başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma biz konfransın əsas məqsədinə nail olmalıyıq. Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Daha bir məsələ 6-cı maddə üzrə razılığın əldə olunmasıdır. Düşünürəm ki, COP29-da irəli addımların atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insan həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir”.

Əvvəlki məqalə

“Gəmilər balinalar üçün ciddi təhlükə yaradır” –

Sonrakı məqalə

COP29-un Yaşıl Zonasına 2 saata 5 min bilet satılıb