Bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissəsi olan ədviyyatlar insan həyatı üçün əhəmiyyətli məhsullardır, bunlardan biri – xüsusilə də darçın yeməkdə geniş istifadə olunur.
Darçın eramızdan əvvəl təxminən 2800-cü illərdən müalicəvi əhəmiyyət daşıyaraq dərman kimi istifadə edilib. Romalılar ondan həzm və tənəffüs xəstəliklərini müalicə etmək, qədim misirlilər isə ətir və yeməyə dad vermək üçün yararlanıblar. Darçın antioksidant, antiinflamatuar və antidiyabetik təsirləri ehtiva edən sağlamlıq faydaları ilə qida əlavəsi kimi qəbul olunur. Yeni bir araşdırma zamanı dörd həftə ərzində darçından istifadə piylənmə və ya artıq çəki, həmçinin diabetdən əziyyət çəkən insanlarda qan qlükoza (şəkər) səviyyəsini azaltdığı müəyyənləşib.
Araşdırmanın nəticəsi “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Son zamanlarda darçının sağlamlıq üçün faydaları geniş şəkildə araşdırılır. Tədqiqatlar ədviyyatın antioksidant, iltihab əleyhinə, antidiabetik, antimikrobiyal və hətta xərçəng əleyhinə təsirlərə malik ola biləcəyini göstərir.
Dörd qram darçından gündəlik istifadə piylənməyə, diabet xəstəliyinə müsbət təsir göstərə bilərmi? Darçının qan şəkərinə təsiri ilə bağlı əvvəlki tədqiqatlar uğursuz olub. Lakin 2023-cü ildə aparılan bir metaanaliz darçının qan şəkərini azaltdığını aşkar edib. Tədqiqatçılar artıq çəkisi olan 18 nəfər üzərində bu tədqiqatı aparıblar. Onların şəkərə meyilliliyi olub. Əvvəlcə mütəxəssislər iştirakçılara iki həftəlik sadə karbohidratlarla zəngin pəhriz növü təyin ediblər və onlara tərkibində darçın olan hər hansı qidadan çəkinmələrini tapşırıblar. Sonra iştirakçıları təsadüfi olaraq müalicə qrupuna bölüblər. Onlar hər qrupa gündə 8-i səhər yeməyi, 8-i isə axşam yeməyi ilə qəbul olunmaq üçün 16 eyni kapsul veriblər. Müalicə qrupunun kapsullarında cəmi dörd qram darçın olub. Tədqiqatçılar iştirakçılara pəhrizlərini davam etdirmələrini və kapsulları göstərişlərə uyğun olaraq 4 həftə ərzində qəbul etmələrini söyləyiblər. 4 həftədən sonra iştirakçılar sınaqdan keçirilib. Beləliklə, darçın qəbul edən iştirakçıların qan şəkərinin azaldığı, darçının buna müsbət təsir etdiyi müəyyənləşib.