Deputat seçilmiş Erkin Qədirli:

"Mandatdan imtina etməyəcəyəm”
10 Fevral 2020 - 14:45

“Mən mandatdan imtina etməyəcəyəm”.

Bunu ReAL təmsilçisi, parlamentə dünən keçirilən seçkidə qalib olan Erkin Qədirli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, məsələ ilə bağlı dostlarıyla, xüsusilə də İlqar Məmmədovla məsləhətləşib: “Mən çox vəzifələrdən və təkliflərdən imtina etmişəm, amma bu dəfə mandatdan imtina etməyəcəyəm. Təbii ki, əgər MSK son nəticəni təsdiqləyərsə”.

ReAL təmsilçisi Erkin Qədirli dünən keçirilən parlament seçkisində ona artıq səs yazıldığını bildirib.

Bunu E.Qədirli əldə etdiyi protokollar və müşahidəçilərinin söylədiklərinə əsasən bildirib.

O qeyd edib ki, hətta Yasamal rayon İcra Hakimiyyətinin başçısının yaşadığı və 1000-dən artıq seçicinin olduğu məntəqədə cəmi 81 seçici səs verib: “Mən orda 29 səslə qalib gəlmişəm. Amma şişirdilmiş rəqəmlər yazılıb. Xüsusilə bu, 5 məntəqədə baş verib. 30 məntəqədən 25 protokol əlimizdədir, onlardan 4 məntəqəni uduzmuşam və 26-nı udmuşam. Mənə artıq səs lazım deyil”.

Erkin Qədərili bildirib ki, şişirdilmiş səslər təkcə ona yox, başqa namizədlərə də yazılıb və o, bununla bağlı MSK-ya şikayət edəcək. (cəbhə.info)

Xatırladaq ki, E.Qədirli 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Qeyd edək ki, ReAL Hərəkatı rəsmi qeydiyyatdan keçmiş təşkilat olmadığına görə Erkin Qədirlinin namizədliyi bitərəf qaydada qeydə alınıb.