DİM-in imtahan korpusu istifadəyə verilib- FOTO

Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusu ilə tanışlıq olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələrinə elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu və onun imkanları haqqında məlumat verib.

Qeyd olunub ki, binada elektron qaydada keçirilən beynəlxalq imtahanlar, müxtəlif təyinatlı müsahibələr və təlimlər üçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.

İmtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir. Binanın zirzəmisində imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası və anbar, 1-ci mərtəbədə xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, əhaliyə psixoloji xidmət göstərilməsi üçün otaqlar və vətəndaşların qəbulu üçün geniş zal, 2–6-cı mərtəbələrdə böyük və kiçik imtahan zalları, 7-ci mərtəbədə konfrans zalı, işçi otaqları və yeməkxana yerləşir.

İmtahan korpusunda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulmuşdur. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. Belə ki, imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

Bundan əlavə, imtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq, binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.

Beləliklə, imtahan korpusunun fəaliyyətə başlaması müxtəlif sahələrdə aparılan biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır. Bundan sonra daha müasir alətlərdən istifadə etməklə platformanın inkişaf etdirilməsi, o cümlədən multimedia texnologiyalarının, situativ tapşırıqların tətbiqi, yazı işlərinin və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.

Əvvəlki məqalə

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Sonrakı məqalə

Ögey atasını öldürən Elgün cəzadan azad edilib