DİM mayın 14-də dövlət qulluğu üzrə imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 14-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək.

İmtahana qeydiyyat aprelin 14-dən mayın 11-dək aparılıb və bu müddət ərzində 75 namizəd qeydiyyatdan keçib. Bu imtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər DİM-in saytında müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 11, AC qrupu üzrə 15, BA qrupu üzrə 77, BB qrupu üzrə isə 244 olmaqla, ümumilikdə 347 namizəd qeydiyyatdan keçib.

Əvvəlki məqalə

Lisey və gimnaziyalara qəbula start verilir

Sonrakı məqalə

Çinin xüsusi nümayəndəsi 5 ölkəyə səfər edəcək