DİM qəbul imtahanları üçün sınaq imtahanı keçirəcək

DİM fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5889 abituriyent qeydiyyatdan keçib. İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

İmtahanların idarə edilməsi üçün 62 imtahan rəhbəri, 550 nəzarətçi-müəllim, 25 ümumi imtahan rəhbəri ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.

Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.

Əvvəlki məqalə

İran Rusiyaya 20 mindən çox avtomobil göndərəcək

Sonrakı məqalə

“Cəsarətiniz qarşısında baş əyirəm”