Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, həmin sosial şəbəkə səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir.
Nazirlik qeyd edib ki, deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.
“Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər”, – deyə bildirilib.