DİN sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət etdi

- RƏSMİ
13 İyun 2020 - 16:07

Daxili İşlər Nazirliyi (DİN) sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək: “Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun – Milli qurtuluş günü münasibəti ilə təbrik edirik.  Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün cəmi iki gün davam edəcək özünütəcrid qaydalarına ciddi riayət olunmasını xahiş edirik.

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin «102» Xidmətinə və «Qaynar xətti»nə ((012) 590-80-20) müraciət edə bilərsiniz.