“Doğrudur ölkəmiz idxaldan asılıdır, amma….” –Ekspert RƏYİ

“Doğrudan da, ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100% idxaldan asılıdır”.
Azpost.info bildirir ki, bu sözləri REAL partiyasının sədr müavini Natiq Cəfərli Prezident İlham Əliyevin TV-lərə müsahibəsində dediyi “hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur” sözlərini şərh edərkən bildirib.
N.Cəfərlinin sözlərinə görə, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil:  “Amma vergi-gömrük siyasəti ki, ölkədən, indiki hökumətdən asılıdır. Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki, ABŞ, Avropa, dünya təyin etmir – deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir. 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik”.
Ekspert deyib ki, ölkə əhalisi gəlirlərinin 55%-i ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir. Vətəndaşlar öz ərzaq təlabatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır: “Bu məsələnin həlli məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək. Onların dövriyyəsi artıqca zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək – yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ziddi azaltmayacaq. Büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq ticarət dövriyyəsinin artmasına, deməli o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq”.
Əvvəlki məqalə

Son 3 gündə yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib

Sonrakı məqalə

31 il əvvəl Marqaret Tetçeri Bakıda Qız Qalasına kim aparıb? –