Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri sahəsində fəaliyyətə icazə verilib.
Nazirlər Kabineti bununla bağlı “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli qərarında müvafiq dəyişiklik edib.
Həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol veriləcək. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.
Habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklərin fəaliyyətinə də icazə verilib.