Dövlətin mətbəxdən keçən ərzaq təhlükəsizliyi

 Ərzaq təhlükəsizliyinin mahiyyətində dövlətin öz əhalisinin qida məhsullarına olan ehtiyaclarının ödənilməsinə yönəldilmiş kompleks səciyyə daşıyan tədbirlər durur.

İnkişaf etmiş Qərb ölkələri dünya bazarında ərzaq məhsullarının əsas ixracatçılarıdır. Onlar dünya kənd təsərrüfatı məhsullarının təxminən 70% -nin ixracatçısı və yalnız 40%-nin idxalçısı kimi çıxış edirlər. Dünyada ərzaq məhsullarının əsas ixracatçısı kimi ABŞ-dır. Onun dünya taxıl ixracında payı 40,5%-dən 48,7%-ə qədər, ət və ət məhsullarının ixracında payı isə 6,9%-dən 8,1%-ə qədər artıb. Ötən əsrin 70-80-ci illəri ərzində Avropa İttifaqı ölkələrinin taxıl ixracında payı 8,6%-dən 13,6%-ə qədər, ət və ət məhsulları ixracında payı isə 12,7%-dən 37,9%-ə qədər yüksəlib.

Azərbaycan üçün ərzaq təhlükəsizliyi mühüm prioritetlərdəndir.

Mütəxəssislərin fikrincə, bu, daimi və dəyişən amillərdən də asılı olur.

Daimi amillərə yoxsulluq həddində yaşayan əhali qrupu, ərzaq təchizatında nisbi çətinlik (müəyyən coğrafi-ərazi bölgüsündə yaşayan əhali qrupu), ayrı-ayrı balanslaşdırılmamış qida ünsürləri, qida məhsullarının təhlükəsizliyi üzərində daxili nəzarətin zəifliyi daxildir.

Dəyişən amillər isə ölkənin ərzaq təhlükəsizliyi üçün potensial təhlükə kimi xarakterizə olunur. Bura müxtəlif zaman intervallarında ölkə əhalisinin ərzaq təminatının azalmasına səbəb olan kənd təsərrüfatı istehsalının qeyri-sabitliyi və təbii kataklizmlər, dünya bazarının qeyri-sabitliyi, ölkənin ərzaq təchizatının xarici amillərdən kəskin asılılığı, tərəfmüqabil ölkələrin xarici siyasi vəziyyətinin pisləşməsi və qeyri-sabitliyi daxildir.

Ölkə əhalisinin ərzaq təminatının yaxşılaşdırılması məsələsində vacib məqamlardan biri də əhalinin xərcləri tərkibində ərzaq xərclərinin xüsusi çəkisi ilə bağlı olan göstəricilərdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq son on ildə bütün bu göstəricilər üzrə nəzərəçarpacaq artım müşahidə edilib ki, bu da birbaşa əhalinin həyat şəraitinin yüksəldiyini göstərir.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas  istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

Ekspertlərin fikrincə, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması mühüm sosial-iqtisadi məsələdir, onun həlli ölkənin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyi sadəcə tələb olunan qida məhsullarını təmin etmir, həm də onların keyfiyyətini, kalori tutumlarını və komponentlərini də özündə əks etdirir.

Ərzaq təhlükəsizliyi dörd əsas komponent üzərində formalaşır. Bunlara reallıq – ərzaq növünə daxili tələb, təklif və ticarət dövriyyəsi, əlçatanlıq -ümumi gəlir, işsizlik, iqtisadi artım və yoxsulluq səviyyəsi, istehlak – sağlamlıq, təhsil səviyyəsi, infrastruktur şəbəkəsi və sabitlik -müvafiq ərzaqa fiziki və iqtisadi əlyetərlilik daxildir.

Hazırda inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı və onların emalına siyasi sabitliyin, milli müstəqilliyin mühüm amili kimi baxırlar. “Ərzaq təhlükəsizliyi lazımi həcmdə təhlükəsiz və qidalı ərzaq məhsullarını rahat əldə etməsi anlamına gəlir.

Mütəxəssislər hesab edir ki, ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas meyar ölkə əhalisinin istehlak etdiyi məhsulların 80%-nin ölkənin aqrar sektorunda istehsal edilməsidir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin açıqlamasına görə, bu gün əsas etibarilə bizim ərzaq məhsullarının əksəriyyəti ilə özümüzü təmin etmə səviyyəmiz yüksəkdir: “Ət, süd məhsulları ilə özümüzü 84-85 % təmin edirik. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı bərpa olunanda bu göstəricilər də yüksəlib 98-99 % olacaq. Kartofla özümüzü 90 %-dan çox təmin edirik. Orta müddətli dövr ərzində kartofla özünü təmin etmə də demək olar ki, 100 % -ə gəlib çatacaq”.

Onun sözlərinə görə, yalnız buğda üzrə özünü təmin etmə səviyyəsində aşağı göstərici davam edir. Onun da istehsalının artırılması üçün məhsuldarlığın artırılması əsas məsələlərdən biridir”.

Nazirlər Kabinetinin açıqladığı  ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsipləri 6 baza üzərindədir. Bura ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçi direktorunun müavini Ramil Hüseynlinin sözlərinə görə, hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır: “Ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütün üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədfləyir.

Ekspertlərin müşahidələrinə görə, bu gün dünyada ən ciddi narahatlıq doğuran mövzulardan biri qlobal aclıq böhranıdır. Xüsusilə, iqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsi səbəbi ilə, bu mövzunun daha da aktuallaşdırıb. Rusiya-Ukrayna müharibəsi dünyada buğda-taxıl istehsalı və ixracı azaldıb, istehsalçı dövlətlərin isə tətbiq etdiyi ixrac qadağaları vəziyyəti daha da kritikləşdirib. Bu isə sözsüz ki, milyonlarla insanın aclıqla üz-üzə qalacağından xəbər verir.

Prezident İlham Əliyev keçirdiyi müşavirədə qeyd edib ki, biz dünyada baş verən hər cür iqtisadi böhranlara hazır olmalıyıq: “Bu qaçılmaz böhranları aradan qaldırmağın yeganə yolu isə dünyada baş verən prosesləri yaxından izləməli və hadisələri düzgün qiymətləndirməliyik”.

Qeyd edək ki “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait ayrılmışdı. İşğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseynnin açlqlamasına görə, 2021-ci ildə daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görmək üçün Dövlət Ehtiyatları Agentliyi yardılıb. Dövlət Taxıl Fondu bu Agentliyin sərəncamına verilib. Hazırda ölkmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Digər tərəfdən bu il işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib. Növbəti illərdə 100 min hektarın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə işğaldan azad olunan ərazilərin də hesabına Azərbaycanın ərzaq təhlükəsizliyi daha da güclənəcək”.

Qarşıdakı 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Artıq Azərbaycan Prezidenti bu istiqamətdə yeni hədəfləri də müəyyənləşdirib və belə ki, 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılacaq.

Qida Agentliyinin yaradılması bu baxımdan mühüm məsələdir. Bu agentlik yaradılanacan həmin sahədə mövcud problemlərin həlli ilə məşğul olan vahid idarəetmə mərkəzi yox idi. Bu isə qida təhlükəsizliyinə nəzarət və dövlət tənzimləməsi sahələrində paralellik və təkrarçılıq hallarına səbəb olurdu.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda həyata keçirilən islahatlar və fermerlərə verilən dəstəkdir. Bu yolla həm ərzaq təhlükəsizliyi təmin olunur, həm də ölkənin ixrac potensialı artır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son rəqəmlərə görə, Yer üzündə 800 milyondan çox insan aclıqdan əziyyət çəkir. Bu baxımdan qida təhlükəsizliyi hər bir ölkədə strateji əhəmiyyətli problemə çevrilib.

Odur ki, indi bütün dünyada qida təhlükəsizliyinin təminatı istiqamətində dövlətlər və regional təşkilatlar ciddi iş aparırlar.

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alır. Ölkəmizdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Bir çox ölkələr COVİD-19 pandemiyası zamanı və son bir neçə ayda Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlə üzləşsə də, Azərbaycan əhalisi üçün vəziyyət belə olmadı. Bu istiqamətdə vaxtında görülən tədbirlər bu gün öz nəticələrini verir.

G.Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi”mövzusunda hazırlanıb

Əvvəlki məqalə

ABŞ-ın F-15 qırıcıları Yaxın Şərqdədir

Sonrakı məqalə

Prezident İlham Əliyev Ersin Tatarı qəbul edib