Dövriyyələrin artması ƏDV ödəyicilərinin sayına təsir edir?

Vergiödəyicilərinin dövriyyələrinin şəffaflaşdırılması əsas prioritet hədəf kimi qarşıya qoyulub. Dövlət Vergi Xidməti (DVX) dövlətin bu sahədəki siyasətini uğurla icra edir. Bu hədəfə çatmaq üçün DVX bir sıra vasitələrdən istifadə edir.

Dövlət Vergi Xidməti xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, vergiödəyicilərinin sayının artmasında həm inzibati, həm də müxtəlif təşviq layihələri rol oynayıb: “Son illər istər inzibati metodla, istərsə də təşviq və maariflənmə yolu ilə vergiödəyicilərinin sayının artımına nail olunub. İnzibati yolla, yəni, daha çox cərimələr tətbiq etməklə, “kölgə iqtisadiyyatı”nın səviyyəsini minimuma endirmək məqsədilə bir sıra yoxlamalar həyata keçirməklə, təbliğat işləri aparmaqla vergiödəyicilərində öz dövriyyələrinin dürüstləşdirilməsinə, şəffaflaşdırılmasına, real uçot məlumatlarının düzgün göstərilməsinə çalışılır. Digər tərəfdən təşviq yolu ilə, xüsusilə istehlakçılar vasitəsilə bir sıra alətlərdən istifadə olunur. Onlardan biri də son zamanlar tətbiq edilən “ƏDV geri al” layihəsidir. Bunun nəticəsində istehlakçılar son vaxtlarda ƏDV ödəyicisi olan satıcılara üstünlük verirlər. Eyni zamanda, son dövrlərdə tətbiq olunan yeni nəsil nəzarət-kassa aparatları vergiödəyicisinin dövriyyəsində hər hansı bir yayınmalar, əlavə manevrlər etmək imkanlarını minimuma endirib. Çünki aparat real vaxt rejimində işləyir və orada bütün əməliyyatlar detalları ilə əks olunur. Artıq vergiödəyicisinin oraya hər hansı bir kənar müdaxiləsi çox çətindir”.

Bu cür layihələr sayəsində dövriyyələrdə yüksəlmələrin baş verdiyini deyən A. Bayramov bununla həmin vergiödəyicilərinin ƏDV ödəyicisinə könüllü keçməyinə zəmin yarandığını qeyd edib. ƏDV ödəyicilərinin artmasına digər bir səbəb kimi qanunvericiliyin tələbini xatırladıb: “Vergi ödəyicisinin məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün əsas şərtlərdən biri onun son 12 aylıq dövriyyəsinin 200 min manatdan yuxarı olmasıdır. Yəni, vergiödəyicisinin dövriyyəsi 200 min manatı keçirsə, avtomatik ƏDV ödəyicisi olması zərurəti yaranır. Bildiyimiz kimi, dünyada və o cümlədən də Azərbaycanda baş verən inflyasiyanın nəticəsində qiymətlərin artımı tendensiyası müşahidə olunur. Bunun nəticəsində satılmış məhsula görə vergiödəyicisinin dövriyyəsi artır. Nəticədə dövriyyənin yuxarı qalxması ƏDV ödəyicisi kimi məcburi qeydiyyata düşmə tələbi yaradır”.

A.Bayramov ƏDV ödəyicilərinin sayının artmasına təsir edən amillərdən biri kimi əhalinin artımı, ölkədə müxtəlif məhsullara tələbatın yüksəlməsini göstərib. İqtisadçı, həmçinin ƏDV ödəyicilərinin sayının artmasına təsir edən amillər sırasında vergiödəyicilərinin öz maliyyə analizlərini daha dəqiq aparmasını da qeyd edib.

Əvvəlki məqalə

Məşhur sovet bəstəkarı Gennadi Qladkov vəfat edib

Sonrakı məqalə

Paşinyan Strasburqa gedib