BMT Rusiya-Ukrayna müharibəsi zamanı həm Rusiya, həm də Ukrayna tərəfindən əsirlərə verilən işgəncələrə dair məlumatları qeydə alıb.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatında deyilir.
2023-cü ilin mart ayından OHCHR əməkdaşları Rusiya əsirliyində olan 174 ukraynalı hərbçi ilə müsahibə aparıb. Onlardan 169-u işgəncə, o cümlədən elektrik cərəyanı vurma, boğulma, uzun müddətli gərginlik, həddindən artıq fiziki güc, yuxudan məhrum etmə barədə məlumat verib.
“Zorakılıq müntəzəm idi, mən hər dəfə kameradan çıxanda, həyətə girəndə, duş qəbul edəndə və ya müayinə zamanı… Məni ayaqlarımı bir-birindən aralı vəziyyətdə dayanmağa məcbur etdilər, döydülər və tüfəngdən istifadə etdilər. Qasığıma təpik vurdular. Dedilər ki, bunu uşaq sahibi olmamaq üçün ediblər”, – ukraynalı hərbi əsirlərdən biri deyib.
Hesabatda deyilir ki, Rusiya tərəfi işgəncələr üçün dəyənəklər, plastik borular, taxta çəkiclər, odlu silahlar, kəlbətinlər və bıçaqlardan istifadə edib, bəzən isə əasirlərin üzərinə itləri salıblar.
Müsahibə götürülən ukraynalı hərbi əsirlər tez-tez müxtəlif cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər. O cümlədən 119 nəfər bununla bağlı şikayət edib. Onlardan bəziləri qrup şəklində zorlama və həmçinin cinsiyyət orqanlarına elektrik cərəyanı vurma təhlükəsi ilə üzləşib.
Ukraynalı məhbuslardan birinin dediyinə görə, Rusiya istintaq təcridxanasının mühafizəçisi ona işgəncə vermək istəmədiyini, lakin hərbi əsirləri rahat buraxmamaq barədə əmr aldığını deyib.
Həbsxana işçiləri bir ukraynalıya belə deyiblər: “Biz səni insan hesab etmirik. Səni tərəvəzə çevirəcəyik ki, daha orduda xidmət etməyəsən”. Bir çox hərbi əsir işgəncə zamanı “faşist” və “nasist” adlandırılıb.
Öz növbəsində, 2023-cü ilin martından Ukraynada əsir götürülən 205 rusiyalı hərbçidən 104-ü işgəncə və pis rəftarın digər formaları barədə ətraflı danışıb. Onların sözlərinə görə, ölümlə, fiziki zorakılıq və elektrik cərəyanı vurmaqla hədələniblər, həmçinin döyülüblər.
“Altı-səkkiz nəfər məni çəkic, dəyənək və metal borularla növbə ilə döydü. Bu üç-dörd saat davam etdi. Adamlardan biri dedi ki, bunu bizi – müharibə əsirlərini qarşıdakı dindirmələr zamanı danışmağa məcbur etmək üçün edirlər”, – rus əsgərlərindən biri bildirib.
Daha on rusiyalı əsir cinsi zorakılığa, o cümlədən alçaltmaya və zorlama hədələrinə məruz qaldığını bildirib.
Azpost.info