DTX-nın həbs etdiyi XİN-in İşlər idarəsinin sabiq sədri və şöbə müdiri ev dustaqlığına buraxılıb

26 Dekabr 2020 - 16:00

Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə F. Bağırov, N. Abdullayev, İ. Əliyevin barələrində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.