Dünya şöhrətli rejissor Tarkovskinin 40 il əvvəlki MÜSAHİBƏSİ:

 "Filmlərimdə indiki zamanda çıxış etmirəm..."
25 Yanvar 2020 - 11:22

Dünya şöhrətli sovet rejissoru Andrey Tarkovski 1979-cu ildə Latviya SSR televiziyasına verdiyi müsahibə verib.

 Azpost.info sim-sim.az-a istinadən 40 il əvvəlki müsahibəni oxucularına təqdim edir.

– Andrey Arsenoviç, heç kimə sirr qalmasın ki, mən sizi “Uşaq dünyası” dükanından gətirmişəm.

– Mənim səkkiz yaşlı oğlum var, bir yerə gedib qayıdanda ona mütləq nəsə alıram. Öyrənməyə meyllidir, prinsipcə, o, texnika ilə maraqlanır, mən də hədiyyə, ya da oyuncaq alanda onun maraqlarını nəzərə alıram.

– İndi uşaqlar üçün oyuncaq hərbi maşınlar, silahlar da satırlar. Onlara münasibətiniz necədi?

– Məni elə şeylər maraqlandırmır, heç evdə də yoxdur.

– Demək olar, sizin bütün filmlərinizdə uşaq obrazı var, hətta diplom işinizdə də…

– Amma mən çalışıram, diplom işimi yada salmayım, mənə elə gəlir ki, o iş çox da maraqlı deyil. Alınmayıb.

– Sizin məşhur obrazlarınız, – məsələn, “İvan”, “Andrey Rublyov”un finalındakı uşaq… – “Solyaris” filmində olsun, “Ayna” filmində olsun – bu uşaqların sizin uşaqlığınızla birbaşa əlaqəsi varmı?

– Mən sizə bir şey deyim.  Yaradıcılıq birbaşa xatirə işidir. Xatırlamaqdır… Mənim uşaqlığım mənim materialımdır. Əgər bu gün məni bir yaradıcı insan kimi tanıyırsınızsa, bu, mənim öz uşaqlığımı, uşaqlıq xatirələrimi və müşahidələrimi  bədiiləşdirdiyim üçündür. Sənət budur…

– “İvanın uşaqlığı”na qayıdaq . Belə çıxır ki, siz “İvan”la yaşıd idiniz…

– Filmdəki hadisələr İkinci Dünya müharibəsini əhatə edir. Mənim o vaxtı 12 yaşım var idi. Bəli, mən öz sevimli obrazım “İvan”la yaşıd idim… Atam müharibədən ağır yaralı qayıtmışdı…

Ümumiyyətlə, filmdəki “İvan”la həyatdakı “İvan” – mən – tamamilə üst-üstə düşmür. Axı mümkün deyil… Xatirəni olduğu kimi köçürmək… – mümkün deyil… Tənqidçilər və izləyicilər mənimlə “İvanı” tamamilə eyniləşdirir, amma həqiqət bir başqadır. Mən yaşamışam, mən görmüşəm, mən hiss etmişəm, fəqət informasiya bədiiləşəndə, öz bədii həllini tapanda bir başqa müstəviyə keçir, mahiyyəti bir o qədər dəyişməsə də, rəngi, forması, ölçüləri dəyişir.

– “İvan”ın ömrünü ağ və qara qatlara ayırmaq və bu qatları üz-üzə qoymaq ideyası necə yarandı?

– Bu film çətinliklə ərsəyə gəldi.  Həmin vaxt mən diplom işimi təzəcə təhvil vermişdim. İşim-gücüm yox idi. Sonra öyrəndim ki, “Mosfilm” bir filmin çəkilişini saxlayıb. Bədii şura rejissor işini bəyənməmişdi.

Yəqin ki, məndən əvvəl çox rejissora təklif etmişdilər, çünki mən onda  tanınmırdım. Ssenari Boqomolovun “İvan” hekayəsi əsasında yazılmışdı.

Filmin yarısı çəkilmişdi. Mənə təklif etdilər ki,  qalan vəsaitlə filmi çəkib təhvil verim. Smetanın çoxu xərclənmişdi.

Ssenarini təzədən işlədim, çəkiliş qrupunu və aktyor heyətini dəyişdim. Bu yarımçıq işi götürməyə iki böyük səbəbim var idi: birincisi, aktyor Nikolay Burlyayev, ikincisi, mənim ssenarini işləyəndə gəldiyim qənaət: “İvan”la onun yuxularını üzləşdirmək…

– Venesiya Film Festivalının əsas mükafatını almaq necə hissdir?

– 29 yaşım vardı. Mükafat gözlənilməz oldu.. Həmin vaxt müsabiqəyə Pazolini və bir neçə adlı-sanlı rejisor da qatılmışdı. Heç bir mükafata ümid etmirdim.

Ümumiyyətlə, mən bu mükafatlara ciddi yanaşmıram.

– İndi isə son zamanların tanınmış filmi olan “Ayna” haqqında…

– Bu film haqda danışmaq mənim üçün çətindir. Çünki bioqrafikdir, həqiqidir. “Ayna”da bir dənə də olsa qurama yoxdur. Epizod-epizod xatirədir… Mən bu filmə çoxqatlı, çətin bədii quruluşlu film kimi yanaşa bilmirəm. Qəribədir, izləyicilərin çoxu deyir ki, bu filmi başa düşmək çətindir,  bu filmi anlamaq üçün xüsusi hazırlıq lazımdır.

Məlum oldu ki, xüsusi estetik təhsili olmayan adamlar üçün bu film daha tez anlaşılır. Kim ki humanitar təhsil alıb, hesab edir ki, onun öz xüsusi  zövqü var, o adamlar bu filmi başa düşməkdə çətinlik çəkdilər. Yadımdadır, bir dəfə hansısa müəssisənin klubunda filmi müzakirə edirdik. Müzakirə uzun çəkdi. Qəfil xadimə əlini saxladı, dedi ki, bu qədər məna yükləməyə gərək yoxdur. Film ölüm həqiqəti ilə üzbəüz qalan insan haqqındadır.  Elə bir insan ki, o öz çirkin əməllərinə görə peşmandır, bağışlanmaq üçün isə daha gecdir.

– Fellini ilə fərqiniz nədir?

– Fellini ilə müqayisə bilmirəm, nə dərəcədə doğrudur. Prinsipcə, Fellini filmdə öz şəxsi problemini qoyur, öz çıxılmazlıqlarını ifadə edir. Mənim filmlərimdəki problem isə bilavasitə obrazların problemləridir. Onların öz doğmaları ilə, taleləri ilə münasibətləridir. Belə bir ümumiləşdirmə apara bilərik: mənim filmlərimdə birbaşa mən yoxam. Lap bioqrafik film olsun. Mən öz bioqrafik filmlərimdə də indiki zamanda çıxış etmirəm, varamsa, bir obraz kimi varam.  Və bu iki prinsip bir-birinə oxşasa da, tamamilə fərqli şeylərdir.

Bizim kino dilimiz fərqlidir. Hər rejissorun film dili özünəməxsusdur. Mən məqsədli şəkildə çəkmirəm. Bəs belə etsəm, çətin başa düşülərəm, belə etsəm, daha sadə anlaşılaram və sair. Heç vaxt izləyicini düşünməmişəm və məncə, izləyiciyə oynamaq, izləyicinin zövqüncə işləmək hər nədirsə, sənət deyil.

– Musiqiləri necə seçirsiniz?

– Düzdür, filmdə musiqi önəmlidir, amma mən musiqidən dramaturji fənd kimi istifadə etmirəm. Məsələn, “Ayna” filmindəki musiqi görüntüyə əlavə kədər yükləmək üçün, ya da səhnənin təsir gücünü artırmaq üçün məqsədli şəkildə istifadə edilməyib.

Mən ona görə Baxın musiqisini seçmişəm ki, həmin musiqi mənim öz nəğməmdir, “Ayna” filminin təbii şərqisidir.

O musiqi bir növ, yaddaşımdakı təsvirlərlə bütünləşir, görüntünün səsinə çevrilir.

O musiqi mənim “Ayna” xatirəmin dərisidir.

– Sonuncu sual: bundan sonra nə işlə məşğul olacaqsınız?

– İndi bu haqda danışmaq çətindir. Planlar dəyişə bilər, amma hələlik onu deyə bilərəm ki, İtaliyaya aid bir teleşirkətdən “İtaliya səyahəti” adlı film sifarişi almışam. Onu işləyəcəm.

Ondan sonra məni daha çətin və vacib bir iş gözləyir. İstəyirəm, Dostoyevskinin “İdiot”u əsasında film çəkim. Düzdür, bu iş mənim  uyğun aktyor axtarışlarıma görə uzana bilər. “Mışkin” və “Anastasiya Filipovna” roluna əvvəlcədən aktyor tapmalıyam. Dostoyevskinin qəhrəmanlarının dünyası çətin və dərindir. Əsərin ideyası da həmin obrazlarla ifadə edilir. Ola bilər ki, uyğun aktyor tapmayım və bu fikirdən əl çəkim.

İndi biz gələcək haqda, planlar haqda danışırıq, amma mən sizə deyim ki, mən öz arzularıma çatmaya da bilərəm, hər şey bir başqa cür də ola bilər…