Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri oturdulub

28 Oktyabr 2020 - 08:45

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.

Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.