Ekspert İlham Şaban: “Dövlət bu addımla qiymət artımının qarşısını almaq istəyir”

Baş nazir Novruz Məmmədov Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

EkoNews bu qərarın hansı səbəbdən verilməsi və rüsumların ləğvinin daxili bazarda qiymətlərə təsirini Neft Araşdırmalar mərkəzinin rəhbəri İlham Şabanla müzakirə edib.

Ekspert bu qərarın hər il verildiyini bildirib. Onun sözlərinə görə, rüsumların ləğvi Azərbaycan üçün yenilik deyil: “Heydər Əliyev adına Neftayırma Zavodu hər dəfə təmirə dayanmadan əvvəl Nazirlər Kabineti müvəqqəti idxal zamanı gömrük rüsumlarının sıfırlanması ilə bağlı qərar verir. Bu addım həmin dövrdə daxili bazarda qiymətlərin artmaması üçün atılır. Çünki zavodun rezerv çənləri təmir və modelizasiya dövründə daxili tələbatı ödəyə bilmir”. 

Ekspertin sözlərinə görə, əvvəllər belə hallarlla qarşılaşmasaq da, son dövrlər bu baş verir. Bunun da səbəbi son bir neçə ildə ölkəyə kifayət qədər avtomobil idxal edilməsidir:  “Neftin qiyməti 100 dollardan yuxarı olanda, yəni gəlirilər yüksək olan vaxt hər il ölkəyə 80-100 min, hətta daha da çox avtomobil idxalı olurdu. Və nəticə etibari ilə yanacağa olan tələbatda kəskin artır və bu artım davam edir. Buna görə də artıq bir neçə ildir təmir zamanı həmin zavodun ehtiyat çənləri ölkənin daxili bazarını ödəməyə imkan vermir”.

Rüsumların ləğvi qiymətlərə necə təsir edəcək?

Rüsumların ləğvinin qiymətlərə təsirindən danışan İlham Şaban bildirib ki, bu qərar qiymətlərə təsir etməyəcək: “Yəni bu benzinlərin qiymətində heç bir artım gözlənilmir. Dövlətin belə addımı atması, bu gün həmin benzinlərin idxal rüsumunu azaldıb tənzimləmə edərək daxili bazarda qiymət artımının qarşısını almaq üçündür”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın ölümə məhkum edilmiş vitse-prezidenti azad edilib – SƏBƏB 

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedib