“Vergilər nazirinin çıxışındakı bir fakt son 3-4 gündə xeyli müzakirə yaratdı. Söhbət vergi orqanlarının pərakəndə ticarət və ictimai iaşədə üzə çıxardığı real dövriyyə ilə rəsmi statistikanın uyğun göstəriciləri arasında 7 dəfə fərqin olması barədə məlum açıqlamadan gedir. Əgər bu fərq gerçəkdən mövcuddursa, o zaman Statistika Komitəsinin 7-8%-lik “kölgə iqtisadiyyatı” barədə açıqlaması fiaskodur. Hökumət bu qurumun işi barədə yaxşı-yaxşı götür-qoy etməlidir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, vergi-gömrük sistemində islahatlardan öncə statistika sistemi kökündən yenilənməlidir: “Güvənli statistika olmadıqca, iqtisadi sistemdə atılan addımların çoxu bumeranq kimi hökumətin üzərinə qayıdacaq. Siz üzləşdiyiniz problemin kəskinliyini bilmədən onunla mübarizə apara bilməzsiniz. Həkim xəstəliyin şiddətini və kəskinliyini diaqnozla aşkara çıxarmazsa, onun da müalicəsi fiasko olacaq”.
Ekspert nümunə göstərib: Ötən il Rusiyada maliyyə naziri və Mərkəzi Bankın rəhbəri statisitka qurumunu tənqid etdi ki, əhalinin real gəlirləri düzgün hesablanmır, şişirtmələr var. Bu il statitika qurumu əhalinin real gəlirlərinin hesablanmasına dair yeni metodologiya tətbiq etdi, tənqidçilərin iradları özünü doğrultdu və yeni göstəriclər ortayı çıxdı.
“Tənqidləri topa tutmaq yox, dinləmək vacibdir. Bir statistika ki, deyə:
- əhalinin ən zəingin 10% ilə ən yoxsul 10%-nin istehlak elədiyi ətin miqdarı arasında demək olar ki, fərq yoxdu;
- ən zəngin 10% ilə ən yoxsul 10%-nin gəlirləri arasında ən yaxşı halda 2-3 dəfə fərq var, onun etibarına kim güvənər?”
R.Ağayevin sözlərinə görə, rəqəmlərin keyfiyyəti və etibarı öz yerində, hesabatları belə vaxtında onlayn açıqlamaq istəmirlər: “Avqustda 2017-ci il üzrə açıqlanmalı milli hesablar statistikası hələ də yoxdur – sentyabr bitir amma. Söhbət 2018-ci ilin yox, 2017-ci ilin statikasından gedir”.