Elektrik enerjisini xarici bazarda satmaq bizə sərfəlidirmi?

Azərbaycan son illər elektrik enerjisinin ixracını durmadan artıtır və 2019-cu ilin nəticələrinə görə, 1 mlrd 770,6 milyon kVt/saat elektrik enerjisi ixrac edib ki, bunun müqabilində $76,828 milyon gəlir əldə edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfəri zamanı “Azərenerji” ASC-nə məxsus “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edərkən bildirib ki, “indi biz elektrik enerjisini ixrac edirik ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə”.

Bəs elektrik enerjisini ixrac etmək Azərbaycana sərfəlidirmi?

Rəsmi statistikaya müraciət edək. 2020-ci ilin beş ayının yekunlarına görə, Azərbaycan Dövlət Statistika Komitəsi bildirir ki, ölkədə 10 milyard 211 milyon kVt/saat əmtəəlik (yəni kommersiya məqsədli) elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çoxdur.

İstehsal edilmiş elektrik enerjisinin 94,14%-i istilik elektrik stansiyalarından, 5,26%-i su elektrik stansiyalarından, 0,6%-i isə alternativ enerji mənbələrindən alınıb.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2020-ci ilin yanvar-may aylarında Azərbaycan dəyəri 40,961 milyon dollar təşkil edən 905,2 milyon kVt/saat elektrik enerjisi ixrac edib. Bu göstəricilərdən çıxış edərək müəyyən etmək olur ki, Azərbaycan 1 kVt/saat elektrik enerjisini orta hesabla 4,5 sentdən ixrac edib (ötən il 4,34 sent və ya 7,38 qəpik), yəni 7,65 qəpikdən.

“Azərenerji” yerli paylayıcı şəbəkəyə – “Azərişıq” ASC-nə elektrik enerjisinin 1 kVt/saatını 5,7 qəpiyə satır. Yəni elektrik enerjisini xarici bazarda satmaq Azərbaycan üçün hazırda daha gəlirlidir.

İlham Şaban

ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırğızıstanda Prezident Aparatının 26 əməkdaşı virusa yoluxdu

Sonrakı məqalə

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edildi