“Elinanın ölüm işi” ilə bağlı vəkildən izahat:“Direktor ağladı, anası barışıqla bağlı təklifləri rədd etdi”

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılır.

Amma məhkəmə prosesinin gedişatında ortaya çıxan bəzi söz-söhbətlər həm Elinanın valideynlərinin, həm də onların vəkillərinin narazılığına səbəb olub.

Alinənin vəkili Sevinc Əliyeva özü və digər həmkarları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Xanım vəkil həmçinin Elinanın anası Sevil Hüseynova haqda yayılan əsassız məlumatlara da münasibət bildirib.

Vəkil geniş açıqlamasında ilk olaraq bunları qeyd edib: “İctimai rezonanslı işin aparılmasında ən çətin məqam ondan ibarətdir ki, gərək işlə bağlı gedən söz-söhbət, təhrif edilmiş məlumatlar, tamamilə həqiqətə uyğun olmayan informasiyalar və haqsız ittihamlarla üzləşəndə əsəbləşməyəsən və soyuqqanlı davranasan. Lakin istər zərərçəkmiş şəxsin hüquqi varisi, istərsə də biz vəkillərə münasibətdə o qədər təhrif edilmiş və tamamilə yalan məlumatlar yayılır ki, vaxtaşırı açıqlama verməyə məcbur olursan”.

Vəkil Elinanın anası Sevil Hüseynovanın hazırda təqsirləndirilən şəxs olan məktəb direktoru Sevin Abbasova ilə barışması haqda bunları deyib:

“Direktor tərəfindən bu cür addımlar atılsa da, zərərçəkmiş şəxsin hüquqi varisi bu cür təkliflərə birmənalı qaydada etiraz edib. Bunun nəticəsi kimi təqsirləndirilən şəxs ibtidai istintaqda Elinanın anası ilə üzləşəndə ondan üzr, ağlayaraq halallıq istəyib və qismən təqsirini etiraf edib. Üzləşməyə dair protokolda bu ifadələr öz əksini tapıb. Direktorun barışıqla bağlı təklifləri rədd edildikdən sonra məhkəmədə heç bir təqsirinin olmadığı və bu iş üzrə hər hansı bir hüquqi və mənəvi məsuliyyət daşımadığını bildirib. Sevil Hüseynova təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edir və bildirir ki, hər hansı barışıqdan söhbət gedə bilməz”.

Vəkil Sevinc Əliyeva Elinanın ölüm işində adı keçən, günlərlə mətbuatda müzakirə mövzusu olan Səbael RİH başçısının müavini Xalidə Bayramovanın niyə məsuliyyətə cəlb edilməməsi, vəkillərin onunla barışığa cəhd etməsi ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib:

“Vəkillər tərəfindən Elinanın anası Sevil Hüseynovanı Xalidə Bayramova ilə barışmağa sövq edilməsi ilə bağlı fikirlər yalandır. Bir vəkil kimi bütün məsuliyyətimlə bildirirəm ki, bu işə qoşulduqda biz vəkillərin ən qərəzli yanaşdığı, məsuliyyətə cəlb edilməsini arzuladığı şəxs məhz Xalidə Bayramova oldu. Bir Allah şahiddir ki, bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün 8 cildlik işi sözbəsöz incələmişik, mümkün olan bütün maddələr üstündə nə qədər uzun- uzadı debatlar, peşəkarlığına inandığım vəkil və hüquqşünas dostlarla müzakirələr aparmışıq. Lakin həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ən azı ibtidai istintaq vaxtı hər hansı bir sübut müəyyən edilmədi. Əziz digər fikirdə olan həmkarlar! İş üzrə bütün materiallar bizdədir və artıq maneə kimi istintaq sirri də aradan qaldırılıb. Bəlkə içinizdə bizdən daha savadlı və təcrübəli olanınız var?! Bütün materialları arzu edən şəxslərə təqdim edə bilərik. Bildiyiniz kimi, bu iş tam ictimai əsaslarla aparılan işdir. Ona görə heç kəsdə “pul alır, mən niyə onun yerinə iş görməliyəm” kimi fikirlər yaranmamalıdır. Bəlkə biz hansısa sübutu düzgün qiymətləndirə bilməmişik?! Niyə status yazıb, like almaqla kifayətlənirsiniz? Ünvanımızı, əlaqə nömrələrimizi hamı bilir. Əziz həmkarlar, kim bizim səmimiyyətimizə yaxud peşəkarlığımıza şübhə ilə yanaşırsa, çox xahiş edirəm, gəlin qoşulun işə. Bu gün hüquqşünaslardan biri, səhv etmirəmsə, Samira Ağayeva yazıb ki, guya mən vəsatət vermişəm, lakin əsaslandırmamışam. Məhkəmə prosesində iştirak etdinizmi?! Mənim vəsatətlərimlə tanış olmusunuzmu?! Əgər şübhəniz varsa, gəlin verdiyim vəsatətləri bir-bir nəzərinizə çatdırım. Biz məhkəmə qarşısında yenidən vəsatətlə çıxış edəcəyik ki, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına şərait yaradılsın… Biz anlayırıq ki, bu iş başqa işlərdən seçilir. Ödənişli qaydada apardığım işlərlə bağlı kiminsə mənə irad tutmasına imkan belə yaratmaram. Amma bu işdə öz qürurumuzu boğub bütün gördüyümüz işlərlə bağlı ictimaiyyətə hesabat verməyə hazırıq. Gecə saat 11-ə qədər iş materialları ilə tanış olduğumuz, hər günümüzün 40 faizini, bəzi hallarda bütün günümüzü bu işə sərf etdiyimiz halda işimizə və əməyimizə niyə kölgə salırsınız?”.

Vəkil açıqlamasında Elinanın anasına mənzil təklif olunması və özünün bu haqda mətbuata verdiyi açıqlamada fikirlərinin təhrif olunmasına da toxunub:

“Elinanın anası Sevil Hüseynovaya nəyinsə müqabilində mənzilin təklif edilməsi, onun buna razılaşması və mənim buna müsbət yanaşmağım barədə müsahibə verməyim barədə yazılanlar da yalandır. Bəzi şəxslərin və jurnalistlərin yazısı məşhur lətifədəki vəziyyətə oxşayır. Roma Papası Parisə gələndə ondan soruşurlar ki, əxlaqsızlıq yuvalarına necə yanaşır? Papa da sual verir ki, Parisdə əxlaqsız yuvaları var?. Sonra jurnalist yazır ki, Papa Parisə gələn kimi əxlaqsız yuvalarının olub-olmamasını soruşdu.

Sevil Hüseynova ilə direktordan başqa hər hansı bir qurum, şəxs sövdələşmə aparmağa cəhd etməyib ki, o buna razılıq versin və ya verməsin. Əvvəla direktor istənilən halda məsuliyyətə cəlb edilib, barışıq təklifi də rədd edilib. Həkim səhvinə dair kifayət qədər sübut olduğu halda həkimləri məsuliyyətə cəlb etmək niyyətində olan yoxdur və onlar bundan heç narahat da deyillər. İşdə Xalidə Bayramovanı qorxuya salıb hər hansı sövdələşməyə sövq edəcək kiçik sübut belə yoxdur.

Məsuliyyətə cəlb edilən yeganə şəxs direktor olub və o, zərərçəkmişlə barışmaq istəsə də zərərçəkmiş şəxs onun təklifini qətiyyətlə rədd edib.

Jurnalist məndən soruşanda ki, Elina Hacıyevanın ailəsinə mənzil verilməsinə münasibətiniz necədir? Mən də qeyd etdim ki, nəyinsə müqabilində Sevil Hacıyevaya heç bir şey təklif olunmayıb və təklif edilsə də zərərçəkmişin hüquqi varisi buna razılıq verməz. Buna baxmayaraq, jurnalist bununla bağlı 10 dəfə sual verdikdən sonra dedim ki, iş bitdikdən sonra çox kasıb və mənzil şəraitinə ehtiyacı olan ailə kimi onlara mənzil verilsə, buna biz vəkil kimi qarışa bilmərik və bu halın iyrənc formalara yozulması düzgün olmazdır. Amma fikrim təhrif olundu. Müsahibə verməkdən qaçırsan, deyirlər ki, bu iş ictimaiyyətin maraq dairəsindədir, müsahibə vermək borcunuzdur, verəndə də salırlar Roma Papasının gününə.

Məhkəmə işində 100 minlik mülki iddia qaldırılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirən vəkil bunları qeyd edib:

“Mülki iddia verməkdə guya məqsədimizin sırf pul tələb edilməsi, pul alıb işə “göz yummaq” olması barədə fikirlərə isə qeyri-peşəkar olsa da, yalnız “ayıb olsun” deyə bilərik. Əvvəla, yazıq zərərçəkmiş şəxsin heç mülki iddia nədir, onu kimə qarşı vermək olar və s. barədə məlumatı yoxdur. Biz izah elədik ki, belə bir hüququnuz var. Hətta Elinanın anası Sevil xanım dedi ki, düz başa düşməzlər, bəlkə etməyək. Amma biz izah etdik ki, bu sizin hüququnuzdur və bu cür iddianın verilməsi kimdənsə pul alıb, onunla barışmaq anlamına gəlmir. Əksinə, mülki iddianın verilməsində məqsəd- təqsirkarları daha ağır məsuliyyətə cəlb etməkdir. Mülki cavabdeh kimi Təhsil Nazirliyini də qoyduq ki, gələcəkdə kimisə direktor təyin edəndə çox diqqətli olsunlar.

“Vəkillər satılıb, kiminsə göstərişi ilə oturub-dururlar” kimi ifadələrə cavab olaraq bircə onu deyə bilərəm ki, həyatımda bu işdə bizimlə birgə olam vəkil Azər Nağıyev kimi dürüst, inanclı, vicdanlı və prinsipial bir insan tanımıram. Əgər onda olan əxlaqın 20 faizi insanların çoxunda olsaydı, bu cəmiyyət tamam fərqli olardı… Həmkarım Emini bu işdə tanısam da, onun da barəsində ancaq müsbət rəylər eşitmişəm. İnanın ki, əgər bizə hər hansı təzyiq edilsəydi, ən azından bu işdən kənarlaşaraq onu aparmaqdan imtina edərdik.

Qeyd edək ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilir.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Yeni Müsavat

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İTV-nin sabiq sədri  “Azərbaycanfilm” kinostudiyasının sədri təyin edildi

Sonrakı məqalə

Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” –