Elmar Vəliyevə sui-qəsdə görə həbs olunmuş Yunis Səfərov kassasiya şikayəti verib

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə və digər cinayət əməllərində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Yunis Səfərov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Azpost.info-nun məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatındadır.

Bu iş üzrə 5 dəfə məhkəmə baxış iclası təyin edilsə də, baş tutmayıb. Nəhayət İlqar Qılıcov iyunun 1-nə baxış iclası təyin edib. İclasın bu dəfə təxirə salınacağı, yaxud ləğv ediləcəyi bəlli deyil.

Yunis Səfərov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına qarşı silahlı sui-qəsd törədib. O, hadisədən dərhal sonra həbs edilib. Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Yunis Səfərov isə ömürlük azadlıqdan məhrum edilib. Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Abbas

Əvvəlki məqalə

Naxçıvanda döyüş bacarığı ilə bağlı komanda-qərargah təlimi keçirilib

Sonrakı məqalə

Malatyada bu günkü zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib