“Ənənəvi iqtisadi inkişaf modeli zərərlidir” –COP29 üzrə baş icraçı direktor /MÜSAHİBƏ

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransının əhəmiyyəti və nəticələri, Azərbaycanın COP29-a sədrliyinin çağırışlara töhfələri, COP-un gündəliyində duran əsas məsələlər, təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə bağlı proqnozlar, Azərbaycanın yaşıl enerji sahəsindəki planları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Nazir müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanovla müsahibəni təqdim edirik.

– Elnur müəllim, iyun ayında Almaniyanın Bonn şəhərində təşkil olunan BMT-nin Beynəlxalq İqlim Konfransında iştirak etdiniz. Konfransın əhəmiyyəti barədə və tədbirlə bağlı təəssüratınızı bölüşməyi xahiş edirik.

– COP-un təşkilatçılığında maraqlı bir məqam var: hazırda hörmətli Muxtar Babayev COP29-un müəyyən olunmuş prezidentidir. Rəsmi və hüquqi olaraq COP prezidentliyi hələ də Birləşmiş Ərəb Əmirliklərindədir. Muxtar müəllim ancaq cari ilin noyabrında COP prezidenti seçiləcək və bu səlahiyyət növbəti COP30-a qədər davam edəcək. Bu mənada Bonn iqlim konfransının birinci əhəmiyyəti ondan ibarətdir ki, de-yure olmasa da COP prezidentliyi artıq de-fakto olaraq Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana keçdi. Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir. Digər bir məsələ ondan ibarətdir ki, Bonn iqlim konfransı tərəflər arasında rəsmi danışıqların başlandığı ilk tədbirin və Bakıda keçiriləcək COP29-un hazırlıq mərhələsi sayılır. Bonnda nə qədər çox məsələ həll olarsa Bakıda işlər bir o qədər sürətli irəliləyər və strateji qərarların verilməsi bir o qədər asanlaşar.

COP əslində, Birləşmiş Millətlər İqlim Dəyişmələri Konvensiyasının və onun Kioto və Paris sazişlərinin həyata keçirilməsində ali qərarvermə orqanıdır. Daha fərqli ifadə ilə, COP bu üç müqavilənin interpretasiyası və icrası ilə bağlı yekun qərarların verildiyi tədbirdir. Amma COP-un ali idarəetmə orqanı olaraq yaratdığı altqurumlar var. Bonnda SBİ and SBSTA adlandırılan həmin iki əsas altqurumun konfransı keçirilir ki, bu da yuxarıda qeyd edildiyi kimi, əsas toplantı olan COP-a hazırlıq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Eyni zamanda, Bonn görüşləri COP Prezidentliyi üçün tərəflərin mövqelərini başa düşmək və onların hansı səviyyəyə qədər kompromisə getməyə hazır olduqlarının xəritəsini çıxarmaq nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir.

– İqlim məsələləri heç vaxt olmadığı qədər aktualdır. Belə bir zamanda Azərbaycanın COP29-a sədrliyi çağırışlara hansı töhfələri verəcək?

– Elmin bizə verdiyi ən güvənli, ən son məlumatlar işığında ortaya çıxır ki, son iki əsrin iqtisadi inkişaf modelləri davam etdirilərsə, Yer kürəsinin həssas iqlim balansının qorunması mümkün olmaya bilər. Bunun fəsadları tamamilə idarəetmədən çıxa, insanlıq və təbiət üçün çox xoşagəlməz nəticələr yarana bilər. Hazırda insanlar tərəfindən illik olaraq atmosferə təqribən 54 milyard ton karbon dioksid ekvivalenti istixana qazları atılır və bunlar da qlobal istiləşməyə səbəb olur. 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədərki 12 ay 19-cu əsrin ikinci yarısından bu yana ən isti period olaraq qeydiyyata keçib. Yer kürəsinin temperaturu artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcəyə qədər artıb. Düzdür, alimlər bu artımın keçici səbəblərdən qaynaqlandığını və qısadönəmli olduğunu hesab edirlər. Amma ümumilikdə hal-hazırdakı ortalama uzunmüddətli artım artıq 1,1 dərəcədir. İqlim dəyişmələrinin fəsadlarını müəyyən ölçüdə idarə edilə bilən səviyyədə saxlamaq istəyirksə, sənaye öncəsi dövrlə müqayisədə temperaturu 2 dərəcənin xeyli altında saxlamalı və 1,5 artımla məhdudlaşma üçün cəhd göstərməliyik. Alternativ fikirlər ola bilər, ancaq elmi müzakirə və araşdırmaların ortaya qoyduğu yekun nəticələr əsasında addımların atılması zəruridir.

Burada çox mühüm bir məqam qeyd edilməlidir: insanlar Yer kürəsini xilas etməklə iqtisadi inkişaf arasında seçim etməməlidirlər. Yəni, “iqlim dəyişmələrini kontrol altına alaq”, ancaq bunun qarşılığında “iqtisadi inkişafdan vaz keçək” seçimi olmamalıdır. Əslində, ən böyük sual bundan ibarətdir ki, biz qlobal istiləşməyə səbəb olmayan hansı yeni iqtisadi inkişaf modellərini ortaya qoymalıyıq? İnsan həyatının keyfiyyətinə pis təsir etdiyi üçün qlobal istiləşmənin qarşısını almağa çalışırıq, ancaq bunu edərkən paradoksal olaraq iqtisadi inkişafı yavaşladaraq insanların həyat keyfiyyətini azaltmamalıyıq. Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir. Qərb ölkələri daha çox bu modellə inkişaf etdilər. Onlar bu yola davam edərsə və hazırda inkişaf etməkdə olan ölkələr də eyni modeli seçərsə, hər şeyi itirə bilərik.

İqlim müqavilələrində çox əhəmiyyətli bir ifadə var: ortaq, amma fərqli məsuliyyətlər, fərqli imkanlar və milli şəraitlər. Təbii ki, iqlim həlləri kollektiv olmalıdır, çünki bütün dövlətlər eyni dünyanı və eyni atmosferi paylaşır. Ancaq kollektiv fəaliyyətdə məsuliyyət bölgüsü ədalətli olmalı, eyni zamanda, imkanlara və milli şərtlərə baxılmalıdır. Paradoks bundan ibarətdir ki, müəyyən istisnalar olmaqla yanaşı, bu gün iqlim dəyişmələri ilə mübarizə aparmağa maliyyə və texnoloji cəhətdən ən qadir ölkələr atmosferə tarixi olaraq və hal-hazırda ən çox istixana qazları atanlardır. Beləliklə, inkişaf etmiş ölkələr iqlim dəyişmələri fəaliyyətinə liderlik etməklə yanaşı, tarixi olaraq və hal hazırda istixana qazlarının atılmasında cüzi rol oynayan digər ölkələrin prosesə cəlb edilməsi üçün sonunculara maliyyə, texnologiya və bacarıqlar sahəsində dəstək olmalıdırlar.

COP29 prosesinə liderlik edən ölkə olaraq bizim töhfəmiz məhz həmin bu mürəkkəb, amma qaçılmaz bir şəkildə xoşagəlməz nəticəyə doğru irəliləyən mühitdə ədalətli və effektiv qərarların verilməsini təmin etmək olacaq.

– Neft ölkəsi olmasına baxmayaraq Azərbaycan ənənəvi enerjini bərpaolunan enerji ilə əvəzləmək istiqamətində addımlar atır. Bu addımların gələcək perspektivləri barədə fikirləriniz maraqlıdır…

– Qeyd edilməlidir ki, karbohidrogenlər milyardlarla insanı yoxsulluğun caynağından xilas etmiş bir möcüzədir və tarixdə ən inkişaf etmiş sivilizasiyanın yaranmasının “olmazsa olmaz” elementidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Petersberq İqlim Dialoqunda bu istiqamətdə ciddi mesajlar verib. Əslində, bəzi ölkələr kifayət qədər maraqlı bir fikir irəli sürürlər ki, problem neft-qaz və ya daş kömür deyil, istixana qazlarıdır və beləliklə istixana qazları neytrallaşdırılsa (ağaclar əkilərək, Yerin təkinə vurularaq və s.) texniki olaraq iqlim problemi həll edilə bilər. Əlbəttə, reallıqda məsələ daha nüanslıdır.

Bir məqamı da qeyd edim ki, Azərbaycanın daş kömür yataqları olmasına baxmayaraq, bundan demək olar, istifadə etmir. Bir çox inkişaf etmiş ölkələrdə belə hələ də karbohidrogenlərin ən çox emissiya yaradan növü olan daş kömürdən istifadə olunur. Bu mənada Azərbaycanda istehsal olunan elektrik enerjisi də kifayət qədər təmizdir. Çünki ya ən az emissiyaya sahib olan karbohidrogen yanacağı olan təbii qazdan, ya da bərpaolunan mənbələrdən əldə edilir. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac etdiyi bir çox ölkənin daş kömürdən istifadə etdiyini nəzərə alsaq, onların iqtisadiyyatlarının qazlaşdırılması nəticədə emissiyalarının azalması ilə də nəticələnir.

Əlavə olaraq bildirim ki, enerji keçidi və ümumilikdə yaşıl keçid enerji təhlükəzliyinin qurban verilməsi mənasına gəlməməlidir. Dünyanın heç bir ölkəsi buna hazır deyil. Əslində, bir çox ölkənin hələ də daş kömürdən istifadə etməsi ya iqtisadi, ya da enerji təhlükəsizliyi ilə izah edilir.

Bu məqamları qeyd etməkdə məqsədim, əslində, məsələnin ağ-qara olmadığı, karbohidrogen enerji mənbələrindən istifadə sahəsində də daha yaxşı və daha pis misalların olduğu, Azərbaycanın isə birincilər sırasında yer aldığıdır.

Bununla yanaşı, Azərbaycan bərpaolunan enerjiyə keçid istiqamətində böyük addımlar atır. Azərbaycan tarixi olaraq həm neft və təbii qaz sahəsində baş verən qlobal və regional enerji inqilablarının mərkəzində yer alıb. Üçüncü məntiqi mərhələ isə yaşıl enerjidir və yaşıl enerji inqilabında da layiqli yerimizi almağa hazırlaşırıq. Bütün dünyaya örnək olan neft və qaz dəhlizlərindən sonra, Azərbaycan qlobal miqyasda maraqla qarşılanan yaşıl enerji dəhlizlərinin qurulmasında ön səflərdə yer almaqdadır. Beləliklə, tarixən olduğu kimi indi də, bu dəfə yaşıl rəngli enerji mənbəyimiz həm ölkəmiz, həm də regionumuz üçün dəyərə çevriləcək və biz qlobal enerji arxitekturasının bu sahədə də əhəmiyyətli bir sütunu halına gələcəyik.

– Yaşıl enerjinin inkişafı üçün səylərin birləşdirilməsi önəmlidir. Daha hansı addımlar bu yolda maneələri aşmağa yardımçı olacaq?

– Azərbaycan tarixdə heç bir vaxt COP29 miqyasında olan qlobal müzakirəyə liderlik etməyib. Xüsusi hadisələr baş verməsə, bundan sonra da ən azı 20 il müddətində belə bir fürsət olmayacaq. Hal-hazırda baş tutan qlobal iqlim danışıqlarını İkinci Dünya müharibəsindən sonra dünyada qlobal təhlükəsizlik arxitekturasının qurulması prosesi ilə müqayisə etmək olar. Miqyas olaraq COP dünyada gerçəkləşən ən böyük tədbir sayılır: artıq bu mənada Birləşmiş Millətlər Təşkilatının sentyabrda Nyu-Yorkda keçirilən iclasını da arxada qoyub. Ancaq məsələ sadəcə miqyas deyil. Ümumi olaraq götürülərsə, dünya siyasətinə və iqtisadiyyatına daha çox təsir edən ikinci belə tədbir yoxdur. Burada verilən qərarlar geosiyasi və geoiqtisadi xəritələrin dəyişmələrinə səbəb olacaq qədər ciddi nəticələr yaratmaqdadır. Buna görə də Azərbaycan tərəfi bu fürsəti adına layiq şəkildə dəyərləndirməyə çalışır. Ölkəmizin milli maraqlarına xidmət etmək qlobal iqlim müzakirələrinə mükəmməl liderlik etməkdən keçir.

İqlim dəyişmələri prosesinə rəhbərlik etməyi rəmzi mənada izah etməyə çalışım. Təsəvvür edin ki, peşəkar musiqi qrupları var, ancaq müxtəlif janrlarda və müxtəlif ritmlərdə ifa edirlər. Liderlik bu qrupları bir araya toplayıb, fərqli avazları xoş bir simfoniyaya çevirməkdən ibarətdir. Bunun üçün ümumi olaraq notlar belə mövcuddur və qruplar da ortaq bir əsər ifadə etməkdə maraqlıdırlar. Sadəcə, onları həvəsləndirmək, uzlaşma sahələrini tapmaq və prosesi müəyyən mənada bir mərkəzdən idarə etmək lazımdır.

COP29 sadəcə, noyabr tədbirindən ibarət deyil. Bu, bir prosesdir və bu proses tədbirin özü qədər əhəmiyyətlidir. Noyabr sadəcə bunun zirvəsidir və bir çox məsələlər noyabrın 11-dək artıq həll olunmalıdır ki, biz 11-22 noyabrda ciddi nəticələr əldə edək.

– Bakıda keçiriləcək COP29 ərəfəsində hansı mühüm qərarların verilməsini gözləyirsiniz?

– Bütün COP proseslərində iki əhəmiyyətli istiqamət var: danışıqlar və fəaliyyət gündəliyi. COP əslində, BMT-nin tədbiridir, Azərbaycan sadəcə, bu prosesə bu il üçün ev sahibliyi və liderlik edir. Danışıqlar istiqamətindəki maddələri tərəf ölkələr BMT İqlim dəyişmələri Katibliyinin təşkilatçılığı çərçivəsində müəyyənləşdirir və bizə bu danışıqları aparmaq üçün mandat verir. Burada bizim rolumuz uğurlu nəticələrin əldə edilməsi üçün müsbət mühit və momentum yaratmaqdır.

Builki danışıqlar sahəsində ən ciddi məsələ iqlim maliyyəsidir. İkinci məsələ, yenə də iqlim maliyyəsi ilə əlaqədar olan, beynəlxalq karbon bazarları haqqındakı Paris Sazişinin 6-cı maddəsidir. Üçüncüsü isə İtkilər və Zərər Fondudur. Digər məsələlər heç də daha az əhəmiyyətli deyil, ancaq danışıqlar prosesində bu 3 məsələdə nəticənin əldə edilməsi uğurun meyarı sayıla bilər.

COP29 Prezidentinin fəaliyyət gündəliyi dediyimiz ikinci istiqamət, danışıqların prosesinə həm təkan vermək, həm də orada ortaya çıxa biləcək məsələləri sığortalamağa yönəltməkdir. Danışıqlar bütün tərəflərin konsensusu əsasında irəliləyir və bu mənada ağır prosesdir. Fəaliyyət gündəliyində isə konsensus şərt deyil. Eyni zamanda, fəaliyyət gündəliyinin maddələrinə Azərbaycan tamamən müstəqil olaraq qərar vermə haqqında sahibdir.

Bu mənada fəaliyyət gündəliyi də ən az danışıqlar prosesi qədər əhəmiyyətlidir. Burada hələlik 15 təşəbbüs üzərində iş gedir və hal-hazırda bunları tərəfdaşlarlarımızla müzakirə edirik. Bir ay ərzində yekun qərarın verilməsi və təşəbbüslərimizin ictimailəşməsi planlaşdırılır.

– Bakı Enerji Forumunda xarici şirkətlərin Azərbaycanın yaşıl enerji sektoruna marağını gördük. Gələcəkdə hansı xarici şirkətlərin Azərbaycanın enerji bazarına daxil olması gözlənilir?

-Neft və qazda olduğu kimi, bərpaolunan enerji nöqteyi-nəzərindən də zəngin ölkəyik. Ən böyük neft və qaz yatağımızın yerləşdiyi Xəzər dənizi külək enerji potensialı sahəsində də dünyanın ən zəngin sahələrindəndir. İqlim müzakirələrində ən çox istifadə olunan ifadələrdən biri miqyasdır. Çünki hər yerdə Günəş və külək enerjisi var, ancaq keyfiyyətli bərpaolunan enerjinin böyük miqyaslarda tapıldığı sahələr azdır və Xəzər dənizinin Azərbaycan sektoru bunlardan biridir.

Ümumilikdə bərpaolunan və aşağı karbonlu həllərin dominantlıq qazanmamasının səbəbi daha bahalı olmalarındadır. Ancaq miqyas iqtisadiyyatı ilə inkişaf etdirdikdə qiymətləri aşağı düşür və ənənəvi metodlarla rəqabət edə bilirlər. Miqyasla inkişafın ikinci müsbət yan effekti ondan ibarətdir ki, bu halda istehsal edilən yaşıl enerji daxili bazarımızın istehlak potensialını aşır və avtomatik ixrac imkanları yaranır. Neft və qazda olduğu kimi Azərbaycan özünü karbonsuzlaşdırma ilə yanaşı, yaşıl enerji sahəsində də həm regionumuza, həm də dünyaya töhfə verərək, bu üçüncü enerji keçidi mərhələsində də xüsusi rolunu oynamağa davam edəcək.

Şirkətlərə gəldikdə, bilirsiniz ki, BP şirkəti Azərbaycanda neft və qaz sahəsində hansı rolu oynayırsa, “Masdar” şirkəti yaşıl enerjidə getdikcə bənzər rolu oynamağa hazır bir şirkət olaraq ortaya çıxmaqdadır. Ən böyük və ilk sənaye miqyaslı Günəş stansiyamızı onların vəsaiti ilə tikdik. Düzdür, bunun gerçəkləşməsi üçün şəbəkəmizi gücləndirmək məqsədilə ciddi yatırımlar etdik. Bakı Enerji Həftəsində də “Masdar”la 1 qiqavatlıq enerji stansiyalarının təməli qoyuldu. Eyni zamanda, “ACWA Power” da əhəmiyyətli bir şirkətə çevrilir. Əslində, növbədə olan ikinci stansiya onların tikəcəyi külək stansiyası olmalıdır. BP də bu sahədə kifayət qədər aktiv rol oynayır. Bilirsiniz ki, BP özünü, bütün əhəmiyyətli neft şirkətləri kimi, artıq enerji şirkəti olaraq görür. SOCAR da bu trendə uyğun olaraq inkişaf edir. BP-nin Cəbrayıl proyekti şəxsən mənim çox həyəcanla izlədiyim və əvvəldən içində rol aldığım layihədir. Həyəcanla izləyirəm, çünki bu layihə sayəsində Qarabağın yaşıl enerjisi Bakının qara qızılı ilə birləşir. İkincisi isə Şəfəq layihəsi, nəticə olaraq Səngəçal terminalının enerjisinin tamamilə dekarbonizasiyasına xidmət edəcək. Səngəçal terminalı şəbəkəmizə bağlı deyil və elektrik enerjisinin istehsalı üçün daha kiçik generatorlardan istifadə etdiyi üçün hər kilovat-saat elektrik enerjisinin istehsalında daha çox yanacaq sərf edir. Eyni zamanda, həm yerli, həm də Çin, Çex, Avstraliya, qardaş Türkiyə şirkətləri ilə də işlər davam edir. Biz bu siyahını bilərək geniş tutmuşuq ki, rəqabət mühiti yaransın və yekun təkliflər dünyada mövcud ən aşağı qiymətləri əks etdirsin.

– Sizcə, Azərbaycan iqlim dəyişikliyi təşəbbüslərinin həyata keçirilməsi və enerji keçidi prosesində xarici investorları cəlb etmək üçün hansı addımları atmalıdır?

– Energetika Nazirliyi olaraq demək olar ki, qanunvericilik bazasını yenidən işləyib hazırladıq – bərpaolunan enerji, enerji səmərəliliyi, energetika, elektrik enerjisi haqqında qanunlar, qaydalar qəbul edildi. Bu addımların yaratdığı leqal platforma xarici investorların ölkəmizə cəlb edilməsini şərtləndirdi. Özəl şirkətlərin gəlməsinin əhəmiyyəti nədir? Dövlətimiz kifayət qədər zəngindir. Amma özəl investorun yatırımı iqtisadi mühitin sağlamlığı istiqamətində bizə və bütün dünyaya verilən siqnaldır. Dünyada var olan bütün mümkün imkanlar işığında yenə də Azərbaycan seçilirsə, 100 milyon dollarlarla ölçülən investisiya qoyulursa, bu, ölkəmizdə iqtisadi-siyasi mühitin əlverişliliyinə neytral üçüncü tərəflərin verdiyi qiymətdir. Bizim qazancımız nədir? Daha ucuz elektrik enerjisi və dövlət vəsaitinin hər zaman gəlirlilik meyarı ilə ölçülməyən sosial-strateji sahələrə – indiki halda xüsusən Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına – yönəlməsi. Bu mənada hüquqi bazanın formalaşması və rəqabət mühitinin yaradılması çox əhəmiyyətlidir. Xülasə olaraq, özəl investorlar üçün ədalətli və şəffaf mühit yaradılır ki, yekunda Azərbaycana mümkün ola biləcək ən əlverişli şərtlərlə yatırımlar qoyulsun.

– Məlum olduğu kimi, Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29 iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bu mövzu COP-un gündəliyində duran ən vacib məsələlərdən biridir. İqlim maliyyələşdirilməsinin qarşısında duran əsas problemlər nədir, COP29 və Azərbaycan bu məsələnin həllinə necə töhfə verə bilər?

– Bir çoxları COP29-u “İqlim maliyyəsi COP”u adlandırır. Biz dünya ölkələri olaraq kollektiv və ciddi tədbirlər görməsək, iqlim böhranı kontroldan çıxa bilər. Bayaq dediyimiz ortaq, amma fərqli məsuliyyət məsələsini bir daha xatırladaq. Dünyanın inkişaf etmiş ölkələri, sənaye inqilabının ən böyük benefisiarları, bu inkişafın nəticəsi olaraq həm tarixən, həm də günümüzdə atmosferi istixana qazları ilə dolduranların başında gəlirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr var ki, onlar sənaye inqilabından çox bəhrələnmədilər, ancaq neqativ nəticələrinə məruz qalmaqdadırlar. Məsələn, Afrika qitəsi bütün dünyada olan istixana qazlarının 4 faizindən daha azına məsuliyyət daşıyır. Amma, iqlim dəyişmələrinin fəsadlarına ən çox məruz qalan ölkələrin əksəriyyəti də Afrika qitəsindədir. Kiçik ada dövlətləri də bu kateqoriyadadır. Emissiyalardakı payları 1 faiz olsa da, bu ölkələrin yüksələn okean sularının altında qalıb tamamən yoxolma ehtımalı kifayət qədər böyükdür. “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”, – deyə atalar misalımız var ki, doğrudan da bu mənzərəni mükəmməl şəkildə ifadə edir. Eyni zamanda, paradoksal olaraq, iqlim dəyişmələrinə gətirib çıxararaq inkişaf etmiş olanlar, məhz bu inkişaf sayəsində, iqlim dəyişmələri ilə mübarizə aparma imkanları ən yüksək olanlardır.

Beləliklə, inkişaf etməkdə olan ölkələrdən iqlim fəaliyyəti tələb olunanda onlar həm mənəvi və texniki səbəbləri əsas gətirirlər. Ona görə də, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında və onun Paris Sazişində əsas məqam bundan ibarətdir ki, iqlim böhranını həlletmə tədbirləri kollektiv olmalıdır, amma məsuliyyət və imkanlar cəhətdən ikinci planda olan tərəflərə də dəstək verilməlidir. Dəstəyin 3 istiqaməti var – maliyyə, texnologiya və bacarıqların inkişaf etdirilməsi. Maliyyə əlbəttə ki, bunların içində ən əhəmiyyətlisidir – kollektivliyi və atılacaq addımların əhəmiyyətini təmin edən əsas birləşdirici elementdir. Bu cəhətdən COP29 doğrudan da, çox kritik olacaq.

– Hazırda təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə bağlı proqnozlar hər kəsi narahat edir. Azərbaycan bu istiqamətdə hansı ölkələrlə təcrübə mübadiləsi aparır və hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

– Cənab Prezidentin Berlindəki çıxışı çərçivəni müəyyənləşdirib. Dünyaya təbii qaz lazımdır. İqlim sahəsində ən radikal addımlar atan Avropa İttifaqının Azərbaycanla Memorandum imzalaması və idxal etdiyi on milyardlıq təbii qaz həcminin iyirmi milyarda qədər artırılması istiqamətində tədbirlərin görülməsi buna misaldır. Təbii qaz bilirsiniz ki, G7 ölkələrinin kommünikelərində və COP28-də karbohidrogenlər içində dövlət dəstəyini ala biləcək keçid yanacağı olaraq qəbul edilib. Ən təmiz fosil yanacağı olan təbii qaz həm də bərpaolunan enerji mənbələrinin şıltaqlığını balanslaşdırmaq üçün çox əhəmiyyətli bir resursdur. Hal-hazırda bütün enerji növlərinə ehtiyac artmaqdadır. Ümumiyyətlə, emissiya məsələlərinin həlli dünya enerji təhlükəsizliyinə problem yaratmadan iqlim böhranının kontrol altına alınması istiqamətində böyük uğur olardı. Eyni zamanda unudulmamalıdır ki, COP28-də bütün dünya enerji sistemlərində fosil yanacaqlarından yaşıl enerjiyə keçidin adil və nizamlı şəkildə təmin edilməsinin əhəmiyyətini vurğulamış oldu.

Azərbaycan neft və qaz sahəsində çox böyük istehsalçı deyil. Bizim bu sahədə adımızın çox hallanmasının əsas səbəbi mövcud istehsal həcmimizdən ziyadə bu istehsalı həm daxili, həm xarici mühit üçün nisbi mənada daha böyük dəyərə çevirməyimizdədir. Günümüzün çağırışına uyğun olaraq, cənab Prezidentin qeyd etdiyi kimi, neft və qaz sahəsində əldə etdiyimiz uğurları və gəlirləri artıq yaşıl enerji istiqamətinə yönəldirik.

Dünyada yaşıl mənbələrə keçid baş verir və bu da əlbəttə ki, vacib və labüddür. Amma burada hər hansı başqa sənayeyə və ya fəaliyyət sahəsinə, insanların həyatlarına, iqtisadiyyatların inkişafına mənfi təsir edəcək formada addımların atılması yolverilməzdir. Keçid ədalətli və nizamlı olmalıdır. Bütün yeni addımlarda, dəyişikliklərdə udanlar və uduzanlar var. Udanlar uduzanları ədalətli şəkildə kompensasiya etməlidir. Çünki neft və qazı heç kim heç kimə məcburi şəkildə satmır, alıcılar olmasa, satıcılar da olmaz. Bu, tələb istiqamətində inkişaf edən sektordur və illər boyu bundan ən çox yararlananlar birdən-birə yaşıl enerji bayraqdarlığı edəndə bu məsələləri diqqətə almalıdırlar. Mənə elə gəlir ki, əgər bu sahədə ideal, balanslı, ədalətli addımları özündə birləşdirən bir dövlət axtarırıqsa, Azərbaycan buna ən yaxşı misallardan biridir.

– Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl dünya” naminə tövsiyələrinizi və çağırışlarınızı eşitmək istərdik.

– Bəli, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu, eyni zamanda, bilirsiniz ki, daha sonra qəbul edilən COP29-un şüarı da buna çox oxşadır – “Yaşıl dünya naminə həmrəy olaq”. Bu məqam çox vacibdir: bizim yaşıl keçidimiz COP29-dan əvvəl başlayıb və daha sonra da davam edəcək. Bu mənada, COP29-un rəhbərliyi bizə keçəndə artıq biz hazır idik.

Dünyaya liderlik etdiyimiz mövzuda örnək olmalıyıq. Biz enerji inqilablarında, öz resurslarımızı özümüz və başqaları üçün rifaha, təhlükəsizliyə çevirmə mövzusunda daim regional və bir çox hallarda qlobal mənada başqalarına örnək olmuşuq. Ümid edirəm və əminəm ki, verilən bu tarixi və misilsiz imkanı Azərbaycan bir daha bütün dünyanı müsbət mənada təəccübləndirəcək bir fürsətə çevirəcək.

Əvvəlki məqalə

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Sonrakı məqalə

Özbəkistanda inflyasiya 10 faizə qədər artıb