İşğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. Bunun işğala qədərki dövrdə 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Bu meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Əlbəttə ki, seyrədilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək bu, 54 milyon ağacın məhvi deməkdir.
Bunu Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasda Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“Füzuli ərazisində 850-1000 yaşa qədər olan ağaclar vardı, ermənilər onları da məhv ediblər. İzi itirmək üçün kökünü belə yandırıblar. Bəzi ağacları istifadə üçün kəsiblər, amma yaşı min illərlə ölçülən ağacları kəsərək kökünü yandırmaq görünməmiş vəhşilikdir. Bu ağaclar, çinarlar təkcə Azərbaycana yox, dünyaya aid olan mədəni irsdir. Emənilərin bununla dünyaya nə mesaj verdikləri anlaşılan deyil. Təsəvvür edin, 152 belə ağacdan 131-i tamamilə yox edilib, 80 faizdən çoxu. Min illərlə yaşı olan çinar, palıd, dağdağan, digər qiymətli meşə cinsli ağaclar məhv edilib”, – deyə o bildirib.