“Azərbaycan QHT-lərinin başlatdığı “Eko terrora və təbii sərvətlərin talanmasına son” aksiyası dünyada və ölkədə böyük ajiotaj doğurub. Açığı son 3 ildə zərbəni ordumuzdan almış düşmən bu həmləni gözləmirdi”.
Bu sözləri dekabrın 12-dən Xankəndi-Laçın yolunda başlanmış etiraz aksiyasının iştirakçısı, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə vətəndaş cəmiyyəti fəalları öndə olmalıdır: “Bəziləri Azərbaycan QHT-lərinin rolunu aşağılamağa cəhd edirdi. Lakin bu proseslər göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti instutlarının Qarabağla bağlı bundan sonrakı proseslərdə mühüm rolu olacaq. Mən bir dəfə də demişdim, bundan sonra Qarabağda yaşayan erməni vətəndaşlarımız üçün şillə yox, sığal zamanıdır. Biz onları Azərbaycan qanunları çərçivəsində yaşamağa vadar etməliyik. Bunun üçün “yumşaq güc”, ictimai təpki tətbiq edilməlidir-QHT-lərin fəallığı artılmalıdır. Son illər ölkəmizdə dövlət-QHT əlaqələri xeyli inkişaf edib. Bu xətt davam etdirilməli, QHT-lərə dövlət dəstəyi gücləndirilməlidir. QHT-lərimiz işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin mina terrorunu ifşa edə bilər. Bunun üçün dünyanın siyasi mərkəzlərində tədbirlər keçirilməlidir. Azərbaycanın haqlı mövqeyinin beynəlxalq təşkilatlarda qorunması, Ermənistanın təcavüzkar siyasətinin, müharibə cinayətlərinin ifşası istamətində QHT-lərin fəaliyyəti daha da artırılmalıdır”.
Elman Cəfərli bildirib ki, ermənilərin işğal olunmuş bölgələrimizdə və hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonunda törətdiyi ekoloji terror, sərvətlərimizin kütləvi şəkildə talanması ifşa olunmalıdır. “Ermənilər işğal dövründə Zəngilanda qiymətli çinar meşələrini məhv ediblər. Ağdamda, Laçında, Xocalıda meşələri yandırıblar, çoxlillik ağacları kəsib mebel və kağız sənayesində istifadə ediblər. Kəlbəcərdə, Zəngilanda, Ağdərədə qızıl yataqlarını amansızlıqla talan ediblər. Buna dair bütün faktlar toplanmalı, xarici dillərdə çap məhsulları, foto və video materiallar hazırlanmalıdır”.
E.Cəfəri deyib ki, QHT-lərin Qarabağa böyük qayıdış prosesinin təşviqində də böyük rolu ola bilər.