Ermənistan gecə iriçaplı pulemyotlarla və snayper tüfəngləri ilə atəşkəsi pozub –

MÜDAFİƏ NAZİRLİYİ
19 Sentyabr 2020 - 09:48

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.