“Ermənistandan gələn qaçqınlar Şuşa və Qarabağa getməkdən imtina etdilər” –

Əbdürrəhman Vəzirov
03 Mart 2020 - 23:52

“Ermənistandan qovulmuş azərbaycanlıları Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov  Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına  müsahibəsində deyib.

Ə. Vəzirov bununla da uzun illər mübahisə doğuran bir sualı cavablandırıb.  Bu illər ərzində Ə.Vəzirova yönələn ittihamlardan biri də Ermənistandan qovulmuş qaçqınların nə üçün Dağlıq Qarabağda yerləşdirilməməsi idi.

Ə.Vəzirov deyib ki, bu deyilənlərin heç bir əsası yoxdur: “Biz Ermənistandan qovulmuş azərbaycanlıları harada yerləşdirilməsi ilə bağlı məsələni müzakirə edirdik. Bu, çox ağır məsələ idi. Biz çıxış yolunu tapdıq. Bu köçkünləri Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz. Mən hesab edirəm ki, bu qərar çöx böyük toqquşmalara səbəb ola bilərdi. Ona görə qərara alındı ki, bu adamları müxtəlif rayonlarda yerləşdirək. Bakıda isə bir sıra qüvvələr onları öz yanlarına çəkməyə  başladılar. Azərbaycan Xalq Cəbhəsinin nufuzu elə həddə düşdü ki, onların mitinqlərinə daha gələn olmurdu. Mitinqə Ermənistandan qovulmuş qaçqınları gətirməyə başladılar”.

 Ə.Vəzirov deyib ki, qaçqınların Dağlıq Qarabağda yerləşdirilməməsi səhv deyildi: “Mən köçkünlərin ağsaqqalları ilə görüşdüm. Onlar bu təklifdən qətiyyətlə imtina etdilər. Biz Ağdam və Şuşa partiya komitələrinin rəhbərləri ilə – Şuşa partiya komitəsinin rəhbəri Vaqif Cəfərovla – danışdıq və Ermənistandan qovulmuş qaçqınların bu ərazilərdə yerləşdirilməsini istədik.  Lakin onları aparmaq üçün ayrılmış avtobuslara minmək üçün heç kim gəlmədi.  AXC və bizi istəməyən digər qüvvələr onları şəhərdə saxlaya bildilər”.