Ermənilər Pənahəli xanın sarayını və İmarət qəbiristanlığını dağıdıb –FOTOLAR

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Azpost.info Azərtac-a istinadən bildirir ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilən kompleksə çox güman ki, daha çox bina daxil olub. Xan sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir.

Əsas korpusda isə mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlar var. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi, mərkəzi zalın önündə isə cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burada qonaqları qəbul etmişdir. Sarayın eyvanı üçaşırımlı arkada kimi həll edilmişdir. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə, eyvan binanın girişi rolunu yerinə yetirir. İmarətin ikinci binası uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılır.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Xan sarayı yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vandalizminə məruz qalıb. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.

Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Ağdam şəhərindəki Pənahəli xanın sarayının və xan ailəsinin üzvlərinin dəfn edildiyi İmarət qəbiristanlığının görüntülərini təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib” –

Sonrakı məqalə

“Karantinin yumşaldılma səbəbi peyvəndin effektini müəyyənləşdirməkdir” –