Əsas donorlar Baydeni seçkilərdən çəkilməyə çağırırlar

ABŞ Prezidenti Co Baydenin son müsahibəsi onun debatdakı uğursuz çıxışından narahat olan Demokratlar Partiyasının donorları sakitləşməyiblər.

Azərtac-ın “ABC News”a istinadən verdiyi məlumata görə, debatdan sonra Baydeni seçkilərdən çəkilməyə çağıran “Netflix”in yaradıcılarından biri və icraçı direktoru Rid Hastinqs müsahibədən sonra da çağırışını təkrarlayıb. “Təəssüf ki, Bayden mental vəziyyətini inkar edir. O, geri addım atmalı və imkan verməlidir ki, güclü demokrat liderlər Trampa qalib gəlsinlər”,- deyə o, açıqlamasında bildirib.

2020-ci il seçkilərində Bayden qələbə fonduna 620 min dollar bağışlayan “Paypal”ın keçmiş icraçı direktoru Bill Harris deyib ki, müsahibə zamanı Bayden çox qoca görünür və bu, tərəddüdlü demokrat seçiciləri fikir dəyişməyə vadar edə bilər. O, Baydenin müsahibə və debatdakı çıxışına istinad edərək onun geri çəkilməsinin qaçılmaz olduğunu deyib.

Müsahibədən əvvəl B.Harris Bayden geri çəkildiyi halda güclü demokrat namizədlərin seçilməsi üçün debatları maliyyələşdirmək məqsədi ilə 2 milyon dollar ianə edəcəyini açıqlayıb.

Hər il Demokratlar Partiyasına 100 min dollar yardım edən investor Uitni Tilson deyib ki, hətta bu müsahibə belə onun Baydenin noyabrda Donald Trampı məğlub edə bilməyəcəyi ilə bağlı fikrini dəyişməyib.

Ötən ay Baydenin “Hollivud”dakı fandrayzinq tədbirinə qoşulan “Sağ qalmaq”(Lost) serialının yaradıcılarından biri, prodüser Deymon Lindelof bildirib ki, Baydenin debatdakı çıxışı fəlakət deyil, faciədir.

“ABC News”un yazdığına görə, bəzi donorlar prezidenti mübarizədən çəkilməyə çağırmasalar da, bu baş verməyənə kimi yardımdan imtina edirlər.

Əvvəlki məqalə

Ərdoğan NATO sammitində iştirak edəcək

Sonrakı məqalə

Fransada parlament seçkilərində gözlənilməz nəticə