Eyyub Yaqubov:“Erməni Bokanın mahnılarında Bakı ruhu var” (MÜSAHİBƏ)

Xalq artisti Eyyub Yaqubov kulis.az saytına müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

– Peşəkar pianoçusunuz. Necə oldu ki, birdən-birə müğənni olmağa qərar verdiniz?

– Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına peşəkar pianoçu axtardığını dedi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi bəyəndi və ansambla qəbul etdi. Açığı heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. Mən necə oldu müğənni kimi meydana çıxdım? “Humayun” ansamblında sənət dostlarım səsimin olduğunu bilirdi. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla ilə özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib.

– Keçmiş dövrlə müqayisədə indi sənətdə irəliləmək və məşhur olmaq asan olsa da, populyarlığı qoruyub saxlamaq çətinləşib. Eyyub Yaqubov məşhurluğunu necə qoruyur?

– Mənə elə gəlir, təhsilin burda böyük rolu var. Əgər təməl güclüdürsə, bu elə də çətin olmayacaq. Sənətçini sənətkar edən onun öz sahəsinə mükəmməl yiyələnməsidir. Təhsil almaq təkcə o demək deyil ki, sən əzbər biliklərə malik olmalısan. Öz musiqinin kökünü bilmək, ruhunu duymaq çox vacibdir. Görünür mən də öz musiqimizi çox sevdiyimə görə zirvədə qalmağa nail olmuşam. Müdriklər deyir ki, sevənlər sevilir. Kimlərsə tanınır, amma sevilmək başqa şeydir. Sevilən adamın populyarlığı bir-iki günlük olmur. Bunun nümunələri olan çox dəyərli sənətkarlarımız var. Hansı ki, onlar hazırda dünyalarını dəyişsələr belə, iki-üç nəsil sonra eyni şövqlə sevilirlər.

– Azərbaycan tamaşaçısı müasir şanson musiqisini sizin ifanızda sevdi, tanıdı. Amma sonra janrınızı dəyişdiniz. Klassik musiqilərə daha çox yer verməyə başladınız. Şanson musiqisinin dinləyicisi azaldı, yoxsa başqa bir səbəbiniz var?

– Əslində tamamilə bu janrla vidalaşmış sayılmıram. Paralel olaraq davam edirəm. Şanson müxtəlif musiqi janrlarını özündə birləşdir. Bizdə əvvəl bu janrda ifa edən istedadlı musiqiçilər olub. Aydinçiki, Oqtayçiki, Nizami Rəmzini qeyd etmək olar. Onlar istedadlı musiqiçilər idi. Mənim repertuarımda onların mahnıları var. Amma peşəkar səviyyədə deyildi ifaları. Özfəaliyyət idi. Bu janrın səviyyəsini qaldıran, inkişaf etdirən, məktəbini yaradan bəstəkar Elçin İmanov oldu. Ona qədər bu janr ciddi musiqi hesab olunmurdu. Rusiyada bu janrın böyük məktəbi var, Vili Tokarev, Mixail Kruq kimi. Onlarda baza olduğu üçün inkişaf edərək ciddi musiqi janrı statusu qazanmışdı. Amma Azərbaycanda bu janrda ilk dəfə Elçin İmanov inqilab etdi. O, real həyatda baş verən hadisələri musiqinin yumoristik dili ilə dinləyiciyə mükəmməl şəkildə çatdırdı.

– “Serıy Popuqay” mahnısı sizə məşhurluqla birlikdə, “baş qaxıncı” da gətirmişdi. Uzun illər sizi “Erməni mahnısı” oxumaqda qınadılar.

– Çox yanlış bir fikirdir. Bu mahnını “Madam Papuqay” mahnısı ilə səhv salırlar. “Serıy Papuqay”ı Elçin İmanov bəstələyib. “Madam Papuqay” mahnısının ilk ifaçısı və yaradıcısı olan Boka Bakıda doğulub yaşayan ermənilərdən olub. O, da bu mahnıları yazarkən bizim folklorumuzdan bəhrələnib. Həmin mahnılarda Bakı ruhu var. Ona görə heç bu mahnını da erməni mahnısı adlandırmaq günahdır. Biz zamanla sənətimizlə sübut etdik ki, bu mahnılar Azərbaycana məxsusdur. Niyə indi də yaranmır Ermənistanda o janrda mahnılar? Elə bu fakt sübut edir ki, bu musiqi janrı onlara aid deyil.

Bilirisiniz, bizim musiqimiz çox zəngindir, amma nizamlamamız çox zəifdir. Gürcülər, ermənilər bunu çox gözəl bacarır. Məsələn “Şalaxo” rəqsi gürcü rəqsi kimi tanınır. Halbuki bizə məxsusdur. Sadəcə biz öz dəyərlərimizə yetərincə sahib çıxa bilmirik.

– Ümumiyyətlə Şanson janrının vətəni hara hesab olunur?

– Bu janr dünyəvi janrdır. Şansonun vətəni olaraq dəqiq bir ölkə adı çəkmək mümkün deyil. Hər ölkənin özünəməxsus şanson musiqisi var. Eləcə də bizim. Amma Qafqazın şansonunu dünyaya gürcülər daha yaxşı təqdim edirlər.

 

– Ötən ilin may ayının on yeddisi konsert verdiniz. Laçının işğal günündə konsert verməyiniz cəmiyyət tərəfindən yaxşı qarşılanmadı. Həqiqətən həmin günün işğal tarixi olduğu yadınızdan çıxmışdı?

– Torpaqlarımızın işğal olunması təbii ki, hamımızın böyük dərdidir. Amma mən həmişə deyirəm, biz gərək ümid ilə yaşayaq. Ruhdan düşməyək. Hər gün oturub ağlamaqla torpaqlar geri qayıtmır. Matəm edə-edə, ağlaya-ağlaya biz gücsüz düşürük. Bizi həmişə parçalayıblar. Bu indinin işi deyil. Ona görə də ayıq və nikbin olmalıyıq.

 Amma işğal tarixlərinə biganə qalmaq da doğru deyil.

Biganə qalmaq başqa şeydir, səbirli, nikbin olmaq tamamilə başqadır. Mən ürəkdən inanıram, torpaqlarımız mütləq qayıdacaq. Biz uduzmamışıq.

– Bu gün yazılan mahnıların yadda qalma problemi var. Sizcə bunun günahı bəstəkardadır, yoxsa müğənnidə?

– Ötən əsrdə bəstələnən mahnıların uzun illər sonra da yaddaşlarda qalmasının səbəbi odur ki, onlar hamısı Üzeyir Hacıbəyov məktəbinə söykənir. Üzeyir Hacıbəyov və bütün klassik bəstəkarlar həm klassik musiqini, həm milli musiqini gözəl bildiyi üçün belə gözəl mahnılar bəstələnib. Amma son illərdə bizi kökümüzdən uzaqlaşdıqları üçün mahnılar yadda qalmır, uzun müddət dinləmək olmur.

– Mənim diqqətimi çəkən bir məqam var sizin yaradıcılığınızda. Bəstəkarlarınıza çox sadiqsiniz. Aygün Səmədzadə, Elçin İmanov bəstələri, demək olar ki, yaradıcılığınızın əsasını təşkil edir. Bu nədən irəli gəlir. Başqa bəstəkarlara etibar etmirsiniz?

– Nadir Əzimov, Rəvan Habiloğlunu da o siyahıya əlavə edək. Etibar etməmək məsələsi deyil. Sadəcə olaraq bu bəstəkarlar mənim ruhuma uyğun mahnılar yazdıqları üçün onları dəyişməyə risk etmirəm. Mən hər janrı sevdiyimə görə, sanki Allah Elçin İmanovla bizi görüşdürdü. Çox gözəl bir tandem yarandı. O da həm şəhər folklorunu, həm klassik musiqini yaşadan musiqiçidir. “Ağabala Çaykovski”, “Serıy popuqay”, “Qarabala” kimi mahnılarla yanaşı, Mikayıl Müşviqin “Ana”, “Küləklər,” “Yenə o bağ olaydı” şeirlərinə uğurlu mahnılar yazıb.

Son bir neçə ildir Vüqar Mirzəyevlə tanış olmuşam. Peşəkar bəstəkar deyil, amma çox istedadlıdır. Onun “Əzizim” mahnısını ifa etdim, çox da bəyənildi. Vüqarın üslubunu Ələkbər Tağıyevə bənzətdiyim üçün mahnıları mənə doğma gəlir. Bilirsiniz ki, Ələkbər Tağıyev də peşəkar bəstəkar deyildi. Amma necə gözəl, yaddaqalan mahnılar miras qoyub.

– Ədəbiyyatla aranız necədir?

– Ədəbiyyatı çox sevirəm. Bu ondan irəli gəlir ki, mənim atam ədəbiyyatı çox sevirdi və tez-tez bizim evdə ədəbi məclislər olurdu. Dostları ilə o məclisdə ədəbi müzakirələr edirdilər. Mən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, İmadəddin Nəsiminin qəzəllərini dinləyərək böyümüşəm. O ab-hava, mühit mənə təsir göstərirdi. Düşünürəm ki, mənim ədəbiyyata sevgimin təməli o vaxtlardan qoyulub.

– Atanız şair olub?

– Yox, şair deyildi, atam həkim idi. Amma şeir yazırdı. Musiqini də sevirdi. Tarda çox gözəl ifa edirdi.

– İlk oxuduğunuz kitablardan danışaq bir az?

– Yadıma gəlir, ilk oxuduğum kitab nağıllar kitabı olub. Koroğlunun dastanını böyük həvəslə oxumuşam. Mənə elə gəlir, nağıllar insanın bünövrəsinin formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə əsl reallıq, mütləq həqiqət elə nağıllarda kodlaşdırılıb.

 

 İnanclı insansınız. Din sənətinizə nə dərəcədə sərhəd qoyur?

– Şükürlər olsun ki, mən fanatik deyiləm. Yaxşı ki, bu mövzuya toxundunuz. Ümumiyyətlə, din gözəllikdir, məhrumiyyət deyil. Dini məhrumiyyət kimi qələmə verən fanatiklər din haqqında çox yanlış fikirlər formalaşdırırlar. Din deyəndə insanlar qorxurlar. Halbuki din gözəllikdir. Eşqin özü Allahdır. İncəsənət də birbaşa Allahla bağlılıqdır.

– Azanın belə musiqi üzərində səsləndirilməsinə baxmayaraq, dində musiqinin haram olduğunu iddia edən dindarlar var.

– Bu kökündən yanlış bir fikirdir. Dəhşətli iddiadır. Xurafatdır. Dini həqiqi gözəllik kimi təsvir edib Hüseyn Cavid, Cəfər Cabbarlı. Bu şairlər sonuncu Allah dostlarıdır. Məsələn Hüseyn Cavidin bir şeiri var orda insanları çaşdıran din xadimlərinə etiraz edir.

Uydunuz bunca Xurafata yetər

Bu həyat iştə ölümdən də betər

Əl verir paslı, sönük adətlər

Ulu Tanrı sizi azadə dilər

Qarışıb, birləşin iffət də budur

Həqqin endirdiyi hikmət də budur

Hüseyn Cavid onu vurğulayır ki, bir-birinizi sevin, birləşin. Allah da bunu buyurur. Sonra deyir ki:

Xilqətin şənliyi, hər rəngi sizin

Parlayıb, gurlayan ahəngi sizin

Yəni Allah hər şeyi sizin üçün yaradıb. Hətta Qurani-Kərimdə də deyilir ki, Allah bütün kainatı, hər şeyi insan üçün yaradıb, insanı isə özü üçün yaradıb. Çünki ən dəyər verdiyi məxluq insandır.

Gömməyin heçliyə fürsət dəmini

Xoş görün zövqü-səfa aləmini

Bu misrada Hüseyn əfəndi buyurur ki, bütün gözəllikləri görün, yaşayın. Heç bir zövqdən özünüzü məhrum etməyin.

Dinləyin bir də bulunmaz Xəyyam.

Burada Ömər Xəyyamı vurğulayır. Ümumiyyətlə Xəyyamın simasında ədəbiyyatı oxumağı tövsiyyə edir. İşarə edir ki, mütləq həqiqəti onların əsərlərində tapacaqsınız.

İştə bəndən gələcək nəslə pəyam

Dün bir əfsanə, yarındır xülya

İki heç, hər biri müzlüm röya

Geri dönməz bu şətarətli zaman

Qıyaraq bir gün əcəl verməz aman

Bir sürəksizcə nəfəsdir bu həyat

Bir nəfəs getdimi, gəlməz heyhat

Bütün həqiqəti bilən şairlər nəsihət edir ki, əsl həqiqəti araşdırın tapın. Sevgi sizi doğru ünvana gətirib çıxaracaq və bütün qorxular bir gün yox olacaq.

Mikayıl Müşfiqin şeirindən bir cümlə yadımda qalıb. “Sevgi mübarizə, sevgilim həyat”. Çox gözəl bir fikirdir.

– Yaradıcılığınızda da bu iki şairin sözlərinə daha çox yer verirsiniz. Bu iki şairlə aranızdakı bağlılığın səbəbi nədir?

– Mən o şairlərdə aydınlıq, nur, saflıq görürəm. Bunlar insana yaşama gücü, sənətdə nə isə etmək üçün ilhamı verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev dünyanı bürümüş epidemiyadan danışdı:

Sonrakı məqalə

Parlamentdə ilk onlayn komitə iclası keçirilib