Fermerlərə verilən subsidiyalar niyə səmərə vermir? Buğda əkini nə üçün azalır? –Hesablama Palatası

Dövlətin birbaşa subsidiyalaşdırma ilə bitkiçilik sahəsinə dəstəyinin 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması bir o qədər də önəmli olmayan meyvə əkinlərini 50,7 min ha (97,4 %) və çiyələk əkinlərini 409,3 ha (87,6%) genişləndirib.

Azpost.info bildirir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə bitkiçilik sahəsində yeni subsidiya mexanizminin qiymətləndirilməsi ilə bağlı auditinin nəticələrində deyilir.

Hesabatda bildirilir ki, bu proses önəmi daha yüksək olan buğda əkinlərinin 89,0 min ha (15,9%), çəltik əkinlərinin 1,1 min ha (38,8%), kartof əkinlərinin 2,5 min ha (20,1%), tərəvəz əkinlərinin 6,9 min ha (43%), bostan bitkiləri əkinlərinin isə 4,9 min ha (47,2%) azalması fonunda baş verib.

Audit müəyyən edib ki, ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 2021-ci ildə 2020-ci illə müqayisədə 2,7%, 2019-cu illə müqayisədə 14,6% azalıb.

İstehsal olunmuş buğdanın miqdarı 2019-cu illə müqayisədə 13,2% azalmış, buğda idxalının həcmi 2021-ci ildə 1148,1 min tona bərabər olmaqla 2019-2020-ci illərlə müqayisədə, müvafiq olaraq 436,9 min ton və 217,0 min ton azalıb.

Hesabatda qeyd edilir ki, ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda ehtiyatının qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton təşkil edib. Bu da buğda əkininin subsidiyalaşdırılması üzrə inzibati tənzimlənmələrin 2020-ci və 2021-ci illərdə bu sahədə müsbət makroeffektlər yaratmadığını göstərir.

Daha sonra qeyd olunur ki, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə olunmayan sahələrin həcmi 2019-cu ildə 366267,0 hektar təşkil etdiyi halda, 2020-ci ildə 475952,0 hektara, 2021-ci ildə isə 436010,0 hektara bərabər olub. Bununla da kənd təsərrüfatına yararlı ümumi torpaq sahələrinin  müvafiq olaraq 7,7%, 10,0% və 9,1%-ni təşkil edib. Bu da 2020-ci ildən tətbiq edilən yeni subsidiya mexanizm çərçivəsində xərclənmiş vəsaitlərin iki illik müddət ərzində bitkiçilik sahəsində fəaliyyətə hələ ki ciddi töhfə vermədiyini göstərir.

 Azpost.info

 

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.